Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əhməd İsmayılov: “Reyestrin aparılması nəticəsində güzəşt və imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşəcək” – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun “Report”a eksklüziv müsahibəsi:

– Azərbaycan Prezidenti İlham Əliyev dünən, fevralın 8-də “Media haqqında” yeni qanunu təsdiqlədi. Bu qanunun təsdiq edilməsi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə hansı töhfələri verəcək?

– “Media haqqında” qanun müasir tələblərə cavab verməklə yanaşı, ilk növbədə ölkəmizin plüralist informasiya mühitinin gücləndirilməsini hədəfləyib və milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Bütün ölkələrdə məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur. Habelə informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək.

– Yeni qanuna və beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərə könüllülük əsasında vəsiqənin verilməsi nəzərdə tutulur. Bu vəsiqənin verilməsində əsas məqsəd nədir və həmin vəsiqə sahibi olan jurnalistlərə hər hansı bir güzəştlərin edilməsi nəzərdə tutulurArtıq Media Reyestrinin yaradılmasına başlanılıbmı?

– Jurnalistlərin və media subyektlərinin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında həyata keçirilsə də, bu, media mühitinin sağlamlaşmasına müsbət təsirini göstərəcək. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur. Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq. Cənab Prezidentin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərmanına əsasən, Medianın İnkişafı Agentliyi Media Reyestrinin yaradılmasını altı ay müddətində təmin edəcək.

– Ümumiyyətlə, Media Reyestrinə media subyektlərinin əməkdaşlarının qeydiyyatı ilə bağlı hər hansı bir limit qoyulubmu? Yəni, bir media qurumu istənilən qədər əməkdaşını həmin reyestrdən keçirə bilər? Reysterə daxil olan jurnalistin üstünlüyü nə olacaq?

– Media Reyestrinə daxil edilmək üçün media subyektləri qarşısında hər hansı say məhdudiyyəti yoxdur. Reyestrə daxil olan jurnalist “Media haqqında” qanunda əksini tapmış imtiyazlardan yararlana biləcəkdir.

– Çox təqdirəlayiq haldır ki, “Media haqqında” qanunun tətbiqindən sonra jurnalistlər güzəştli ipotekadan yararlana biləcək. Bəs jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyi necə olacaq? Bu bina da ipoteka əsasında jurnalistlərə verilə bilərmi?

– Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “üçüncü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir, bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyil.

– Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər. Qeyri-rəsmi və ya VÖEN-lə işləyən jurnalistlərin iş stajı nəzərə alınacaqmı?

– Qanuna edilmiş yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilərlər.

– “Media haqqında” yeni qanun layihəsi artıq təsdiqlənib. Hazırda qüvvədə olan “Televiziya və radio yayımı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlar qüvvədən düşmüş hesab edilir?

– Yeni qanun qüvvəyə mindikdən sonra adını çəkdiyiniz qanunlar qüvvədən düşmüş hesab edilir.

– Əhməd müəllim, bir neçə vaxt bundan əvvəl qeyd etdiniz ki, jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması üçün müvafiq qurumlarla müzakirələr aparılır. Jurnalistlərə və media subyektlərinə hansı vergi güzəştləri edilə bilər? Bununla bağlı ilkin layihə hazırlanıb?

– Qeyd olunan məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunmaqdadır və konkret nəticələr barədə məlumat veriləcək.

– Bu qanunun tətbiqi ilə əlaqədar olaraq jurnalistlərin davranış kodeksi və peşə etikası qaydası hazırlanacaqmı?

– “Media haqqında” qanun dövlətin ölkənin media mühitinə baxışını özündə əks etdirir. Jurnalistlərin peşə davranış qaydaları isə redaksiya siyasəti və məzmunla bağlı məsələ olduğundan dövlətin buna hər hansı formada müdaxilə etmək niyyəti yoxdur. Peşə etikası ilə bağlı məsələlərə media subyektləri özləri və media ictimaiyyəti münasibət bildirməlidir.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …