Şənbə , 20 Aprel 2024
Drone Cameras

4 uşağın anasının qatili: “Mən övladlarıma tarix yazıb gedirəm” – məhkəmə işi

Keçmiş həyat yoldaşını öldürməkdə ittiham edilən şəxs məhkəmədə özünə haqq qazandırmaq istəyib, uşaqlar isə analarının qatilinə “ata” deməkdən imtina edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan məhkəmə iclasında mərhumun 3-cü sinifdə oxuyan qızı ifadə verib.

Azyaşlı qız anasının tez-tez atası tərəfindən döyüldüyünü, qardaşı ilə özünün isə hədələndiyini deyib. Azyaşlı qız Ramin Şükürova ata demək istəmədiyini, onu sadəcə tanıdığını deməklə kifayətlənib.

“Nənəm, anam, qardaşımla yolla gedirdik. Bu, maşınla yanımızdan keçdi. Sonra geri qayıtdı. Nənəm keçdi qabağa. Soruşdu ki, nə istəyirsən? Dedi ki, “icraçının biri gedib, biri gəlir”. Nənəm onun qolundan tutdu ki, anamı vurmasın. Birinci nənəmi yerə yıxdı, ona təpik və yumruq vurmağa başladı. Birdən cibindən bıçaq çıxardı. Bıçaq deyil, sanki xəncər idi. Çox böyük idi. Anamı vurmağa başladı. Nənəm ayağa qalxıb yenə onu tutdu ki, anamı vurmasın. Nənəmi yenə döydü. Qardaşım qaçıb babamgili çağırdı. Anama çoxlu bıçaq vurandan sonra qaçdı. Anam qanın içində idi. Babamgilə aparıb, həkim çağırdıq. Xəstəxanada anamın öldüyünü bildik”.

Azyaşlı qız anasının atası tərəfindən tez-tez döyüldüyünü, amma bu barədə babalarına xəbər verə bilmədiklərini söyləyib: “Bizi hədələyirdi ki, babama desək, bizi öldürəcək. Deyirdi ki, anamı, babamı da öldürəcək. Biz də qorxurduq”.

Məhkəmədə mərhumun 4-cü sinifdə oxuyan oğlu da ifadə verib. O da bacısı kimi hadisənin şahidi olub, anasının bıçaqlanmasını gözləri ilə görüb.

Azyaşlı suallara cavab verərkən təqsirləndirilən şəxsi tanıdığını, ancaq onu ata kimi qəbul etmədiyini söyləyib.

“O, mənim heç nəyimdir. Anamın qatilidir. Yolda qabağımızı kəsib, anamı bıçaqladı, sonra da qaçdı. Anamı babamgilə çatdıranda qanın içində idi. Xəstəxanada öyrəndik ki, 19 bıçaq vurub”- deyən azyaşlının sözünü Ramin Şükürov kəsib.

R.Şükürov deyib ki, uşaqları öyrədiblər ki, onun əleyhinə ifadə versinlər. O iddia edib ki, bununla da onun cəzasını ağırlaşdırmaq istəyirlər.

Azyaşlı isə Ramin Şükürovun onlara heç vaxt atalıq etmədiyini, anasını döyüb, təhqir etdiyini, bacısını və onu da hədələdiyini bildirib:

“Bizə həmişə babamgil baxıb. İçib evə sərxoş gəlirdi. Anamı döyəndə deyirdi ki, babamgilə desək bizi öldürəcək. Dayımın da başını kəsəcək. Bir dəfə babama dedim ki, atam anamı döyür. Babam da gedib buna dedi ki, niyə qızımı döyürsən. Bundan sonra o, gəlib məni döydü ki, niyə babana demisən. Məni qaldırıb yerə çırpdı. Sifətimə yumruq və təpiklə vurdu. Sifətim, gözüm şişmişdi deyə məktəbə getmirdim, evdən çıxmırdım”.

Azyaşlılar atalarının spirtli içki aludəçisi olduğunu evə yüngül həyat tərzi sürən qadınlar gətirdiyini də deyiblər. Bildiriblər ki, bu zaman ataları onları evdən qovurmuş.

Ramin Şükürov məhkəmədə iddia edib ki, öldürdüyü həyat yoldaşı telefonda başqa kişi ilə danışırmış.

Azyaşlı uşaqlar isə R.Şükürovun yalan danışdığını, analarına şər atdığını deyiblər. Onlar bildiriblər ki, anaları babası ilə telefonda danışarkən gizli danışırmış ki, Ramin Şükürov görməsin.

R.Şükürovun bu iddiasının davamında “mən uşaqlarıma tarix yazıb, gedirəm” söyləməsi isə mərhumun yaxınlarını qəzəbləndirib.

Qeyd edək ki, qətl hadisəsi Sumqayıtda Corat qəsəbəsində baş verib.

4 uşaq anası keçmiş əri tərəfindən öldürülüb. Şəhər sakini 35 yaşlı Ramil Şükürov, keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 19 bıçaq zərbəsi endirib. Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı Ramil Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu məlum olub. Hadisəni törədən Ramil Şükürov xanımından bir müddət əvvəl ayrılıb. O, aliment vermədiyi üçün icraçıların onu axtarmasından bezərək keçmiş arvadına hücum edərək onu qətlə yetirib.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir