Qırx beş il əvvəl Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilib.
Boyukmillet.com xəbər verir ki, ötən əsrin 60-cı illərinin sonunda kommunizm cəmiyyətinə sürətli keçid ideyası tədricən iflasa uğrayıb 70-ci illərin əvvəllərində “inkişaf etmiş sosializm” cəmiyyəti üçün yeni Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxıb.
Konstitusiya layihəsi üzərində uzunmüddətli çalışmalardan sonra Sovetlər Birliyində yeni, sayca üçüncü Konstitusiya 1977-ci il oktyabrın 7-də qəbul edilib.
1978-ci il aprelin 21-də isə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycanın sayca dördüncü Konstitusiyası qəbul edilib.
Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. İlk dəfə olaraq bu Konstitusiyada preambula, siyasi sistem, sosial inkişaf və mədəniyyət, xarici siyasət fəaliyyəti və sosialist vətəninin müdafiəsi, xalq deputatının statusu kimi fəsillər nəzərdə tutulub, ayrı-ayrı fəsillər bölmələrdə birləşdirilib.
Xüsusilə qeyd etmək lazımdır ki, 1978-ci il Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Məhz Ümummilli Lider Heydər Əliyevin tələbi ilə bu Konstitusiyada dövlət dili kimi Azərbaycan dili müəyyən edilib. Konstitusiyanın 73-cü maddəsində deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”.
Bu Konstitusiyada, həmçinin Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəsli daxilində müəyyən edilmişdi, yəni ona ayrıca, xüsusi önəm verilmirdi. Halbuki əvvəlki konstitusiyalarda buna ayrıca fəsil həsr olunmuşdu. Bu da təbii ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi.
1978-ci il Konstitusiyasında bütün hakimiyyətin xalqa məxsusluğu, dövlət hakimiyyətinin xalq tərəfindən siyasi sistemin əsasını təşkil edən sovetlər vasitəsilə həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyətində müəyyən dəyişikliklər edilib.
Əsas Qanunda “bilavasitə demokratiyanın” yeni formaları – ümumxalq müzakirəsi və referendum, bir sıra yeni mülki hüquqlar, vəzifəli şəxslərin hərəkətlərindən şikayət vermək hüququ, şərəf və ləyaqətə qarşı qəsdlərdən məhkəmə müdafiəsi hüququ, dövlət və ictimai təşkilatların hərəkətlərini tənqid etmək hüququ, habelə sağlamlığın mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı kimi sosial hüquqlar təsbit olundu, hüquq və vəzifələrin “qırılmaz əlaqəsi” qeyd edilib.