“Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Mərkəzi Aparatın rəhbəri bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini yenicə bərpa etmiş, amma “ya olum, ya ölüm” dilemması qarşısında olan Azərbaycan xalqı düzgün seçim etməklə ölkənin xilasına, rifah və tərəqqi yoluna çıxmasına, respublikamızın əsl müstəqillik qazanmasına nail oldu.
Onun sözlərinə görə, ölkədə iqtisadi böhran və siyasi hərc-mərcliyin hökm sürdüyü, Ermənistan tərəfindən respublikamızın ərazi bütövlüyünə qəsd edildiyi – torpaqlarımızın ard-arda işğal olunduğu ağır, acınacaqlı və mürəkkəb bir şəraitdə Azərbaycan xalqı çıxış yolunu qətiyyətli və vətənpərvər, zəngin idarəetmə təcrübəsinə malik lider – dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə görmüşdü: “Təbii ki, xalqın Heydər Əliyevə inamı təsadüfi deyildi, konkret reallıqlara əsaslanırdı, Ulu Öndərin ayrı-ayrı dövrlərdə və müxtəlif vəzifələrdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən qaynaqlanırdı. Bu inam və etimadın bariz təzahürü kimi Azərbaycan xalqının qabaqcıl nümayəndələrindən olan 91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması xalq-Lider birliyi və milli həmrəylik şəraitində qarşıda duran milli vəzifələrin yerinə yetirilməsində müstəsna rol oynadı”.
T.Budaqov vurğulayıb ki, müdrik dövlət xadimi Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətimizin maraqlarına uyğun prinsipial mövqe ortaya qoyaraq qısa zamanda xalqın böyük dəstəyini qazandı:
“Heydər Əliyev şəxsiyyətinə sarsılmaz inam Yeni Azərbaycan Partiyasının da yüksək nüfuz qazanmasını şərtləndirdi. Həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi”.
“Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndərin siyasi varisi olan İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı, bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik uğurlar əldə olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir. Bir sözlə, Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan, milli maraqlara və müasir çağırışlara cavab verən ardıcıl siyasəti Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin isə gerçəkləşməsini mümkün edən başlıca amildir. Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, Onun parlaq ideyalarına sədaqət nümayiş etdirib. Cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi Bakı Dövlət Universitetində çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynamış, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə ediblər”, – YAP sədrinin müavini əlavə edib.