Samir Adıgözəlli: “Bu gün rus sülhməramlıları yenə də separatçıların silahlanmasına dəstək olur və son günlər onların mövqelərimizi atəşə tutmaları buna bir nümunədir”
Uzun illər Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması və separatçıların, eləcə də Ermənistanın Xankəndidəki qanunsuz silahlı dəstələrinin silah təminatı həyata keçirilib. Əlbəttə, bunlar hamısı qanundan kənar hərəkət olub və beynəlxalq qanunların müvafiq bəndləri ilə ziddiyyət təşkil edib.
Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Laçın yoluna Rusiya sülhməramlıları nəzarət edib və onların nəzarəti alıtında isə çox xoşagəlməz hallar baş verib. Məlumdur ki, Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağa, Xankəndiyə şübhəli yüklər daşınıb. Azərbaycan Xankəndi-Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduqdan və bu istiqamətdə çoxsaylı tədbirlər gördükdən sonra separatçıların silahdaşıma marşurutu dəyişib. Yayılan son məlumatlara və video görüntülərə görə, Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa şübhəli yüklərin daşınması davam edir, konkret olaraq silah daşındığı deyilir. Yayılan görüntülərdən məlum olur ki, rus sülhməramlılarının müşayiəti ilə Xankəndi-Xəlfəli-Qaybalı yolu ilə qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımalar həyata keçirilir.
Mayın 26-da yayılan məlumatda da bildirilirdi ki, Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir. Belə ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini davam etdirir. Videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.
Sülhməramlılar doğrudanmı hələ də separatçılara silah daşınmasını müşayiət edirlər?
“Məlumatlara görə, separatçılar bu şübhəli yükləri rus sülhməramlılarının müşaiyəti ilə daşıyırlar”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırması separatçıların əl-qolunu xeyli bağladı. Buna baxmayaraq, onların müxtəlif yollardan istifadə edərək Xankəndiyə şübhəli yüklər daşıması halları barədə məlumatlar olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, bu proses də rus sülhməramlıların müşayiəti ilə gerçəkləşdirilir: “Laçın yolunda müvafiq tədbirlər görüldükdən sonra separatçıların Xankəndi-Kərkicahan-Xəlfəli, Xankəndi-Xəlfəli-Qaybalı yolu ilə Xankəndiyə silah daşıdığı barədə məlumatlar yayılmağa başladı. Məlumatlara görə, separatçılar bu şübhəli yükləri rus sülhməramlılarının müşaiyəti ilə daşıyırlar. Şübhəsiz ki, bu şübhəli yük də silahdır.
Bu gün reallıq ondan ibarətdir ki, Ermənistan sülh istəmir, revanşizmdən yapışıb və müharibəyə hazırlaşır. Ermənistanın bu niyyətinə də Qərbdən, Avropadan dəstək verilir. Rusiya özü də bu məsələdə bir başqa formada oynamaqdadır. Baş verənlərin mahiyyəti bizə tamamilə aydındır. İndiyə qədər sülhməramlılar öz missiyaları ilə məşğul olmayıblar, işləri erməni terrorçularını, qanunusz silahlı dəstələri silahla, texniki vasitələrlə təmin etmək olub. Bu gün rus sülhməramlıları yenə də separatçıların silahlanmasına dəstək olur və son günlər onların mövqelərimizi atəşə tutmaları buna bir nümunədir. Separatçılar, qeyri-qanuni silahlı dəstələr onlardan cəsarət alıb bu təxribatları həyata keçirirlər”- deyə qeyd edən S.Adıgözəllinin sözlərinə görə, rus sülhməramlılarının separatçıların silah karvanlarını müşayiət etməsi onların məqsədini ortaya qoyur. O qeyd etdi ki, bir neçə dəfə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Leyla QARAXANLI