Narkotikin təsiri altında avtomobil idarə edənlərin sürücülük hüququ 1 ilədək məhdudlaşdırılacaq.
Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 600 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qeyd edilən xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 900 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qeyd: Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.