Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.
İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən bir neçə yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub.
Müdafiə nazirinə məruzə edilib ki, çətin relyefli ərazilərdə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Məntəqələr hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
Z.Həsənov yerləşmə məntəqələrində şəxsi heyət üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Sonra nazir hərbi qulluqçularla görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Dövlət başçısının diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Z.Həsənov bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonda müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.