Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Boyukmillet.com xəbər verir ki, avrokuboklarda I təsnifat mərhələsinin oyunlarından sonra sıralamada müxtəlif yerdəyişmələr olub.
Son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub etməsi irəliləməsinə səbəb olub. 4 pilləlik sıçrayışa nail olan Qurban Qurbanovun yetirmələri aktivlərindəki 24.500 xalla 61-ci yerə yüksəliblər. “Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbağça” (Türkiyə) kimi klubları geridə qoyub.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 9.500 xalı olan “ağ-qaralar” 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivində 2 pilləlik geriləmə müşahidə edilib.
“Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 265-cidir.
Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.
Türkiyənin ən reytinqli komandası “Başakşehir”dir. İstanbul klubu 29.000 xalla 53-ci pillədə qərarlaşıb. “Qalatasaray” (26.000) 57-ci, “Fənərbağça” (23.500) 65-ci, “Sivasspor” (16.500) 88-ci yerdədirlər. “Trabzonspor” (11.500 xalla 111-ci), “Beşiktaş” (10.500 xalla 119-cu), “Adana Demirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” (hamısı 2.000 xalla 230-cu) ilk “100-lük”dən kənarda qalıblar.
Ukrayna “Şaxtyor”u keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev “Dinamo”su (26.000) 57-cidir. Bu sıralamada ilk “üçlüy”ü “Qarabağ” qapayır.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 xalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü İspaniya “Real Madrid”i (106.000) qapayıb.