Heydər Əliyev Fondu tərəfindən Tərtər rayonunun Azadqaraqoyunlu kənd tam orta məktəbi üçün yeni bina inşa olunub.
Boyukmillet.com xəbər verir ki, 15 sentyabr – “Bilik Günü” münasibətilə yeni bina istifadəyə verilib.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Dəyanət Fərzəliyev, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Bildirilib ki, 1979-cu ildə inşa olunan Şükür Rəhimov adına Azadqaraqoyunlu kənd tam orta məktəbi yararsız hala düşdüyü üçün Heydər Əliyev Fondu binanın yenidən inşasını öz üzərinə götürdü və nəticədə bu gün açılışı olan yeni məktəb binasında eyni zamanda 320 şagird təhsil ala biləcək.
Yeni məktəb binası 3 mərtəbədən və zirzəmidən ibarətdir. Binanın ümumi tikinti sahəsi 3137.7 kvadratmetrdir. Məktəb binasında 16 sinif otağı, kimya, fizika, biologiya laboratoriyası otağı, informatika, hərbi hazırlıq, iki texnologiya, tibb otağı, idman zalı, akt zalı, kitabxana, yeməkxana və inzibati iş otaqları yer alır.
Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bildirilib ki, Heydər Əliyev Fondunun adıçəkilən məktəbdə gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb.
Qeyd edək ki, məktəbdə 34 pedaqoji işçi və 12 texniki işçi çalışır. Məktəbin 16 sinif komplektində 290 şagird təhsil alır. Məktəbəhazırlıq qrupunda isə 16 nəfər 5 yaşlılar qeydiyyatdan keçib.