“Rəsmi olaraq ANS telekanalını 1991-ci il martın 9-da yaratdım. Bizim nizamnaməni o vaxt Nazirlər Sovetinin sədri olan Həsən Həsənov imzaladı”.
Boyukmillet.com xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev BBC Azərbaycanca-ya müsahibəsində bildirib.
O, qardaşı Çingiz Mustafayevlə bağlı xatirələrini bölüşüb və ANS-in bağlanmasından danışıb.
V.Mustafayev deyib ki, Çingizə dəfələrlə təklif edib ki, ANS-də onunla birgə çalışsın.
“Amma Çingiz bizim təklifimizdən imtina etdi. Özü getdi “215 KL” studiyasını yaratdı. O vaxt bizim – mənim və qardaşım Seyfullanın yeganə rəqibi elə Çingiz idi. Bizdən fərqli olaraq Çingiz çox qalmaqallar yaşadı. Çünki onun çalışdığı “215 KL” studiyası dövlət televiziyasının – AzTV-nin nəzdində idi. Sonradan onu oradan uzaqlaşdırdılar”.
V.Mustafayev deyib ki, Qarabağa – Naxçıvanik kəndinə Çingizlə birlikdə gedib:
“Orada vəziyyət çox gərgin idi. Bir sıra çəkilişlər etdik. Mən Çingizə təklif etdim ki, qayıdıb hazırladığımız reportajları təqdim edək. Mən onda Rusiyanın “Vesti” proqramının müxbiri idim, Çingiz isə “ABC news”un əməkdaşı idi. Çingiz dedi ki, sən qayıt Bakıya, mən isə qalıb sabah “Şaumyankənd”ə gedəcəm. Onda “Şaumyankənd”i bizimkilər almışdılar. Sağollaşıb ayrıldıq…
Ertəsi gün artıq mən Moskvadaydım. Günorta saat 12.00-da “Vesti” proqramında mənim reportajım efirə getdi. Daha sonra Yuri Qurnov adlı aparıcı məni kənara çəkib Çingizin həlak olduğu barədə xəbər verdi. Dərhal getdim səfirliyimizə. Ordan müdafiə naziri Rəhim Qazıyevə zəng elədim. O xəbəri təsdiqlədi və Çingizin meyitinin döyüş meydanından çıxarıldığını söylədi”.
V.Mustafayev deyib ki, qardaşı Çingiz şəhid olan zaman onu AzTV-dən işdən çıxarmışdılar:
“Çingizin mənimlə qayıtmaq istəməməsi onun AzTV-dən işdən çıxarılması ilə bağlı idi. Çingizin AzTV-dən kənarlaşdırılması onu çox sarsıtmışdı. Onun meyiti Bakıya gətiriləndə Seyfulla qarşılamağa getmişdi. Ora AzTV-dən də gəliblərmiş. Seyfulla elə bilib ki, AzTV-nin əməkdaşları başsağlığına gəliblər. Amma onlar deyiblər ki, Çingizdə olan kamera AzTV-ninkidir, onu götürməyə gəliblər”.
V.Mustafayevin sözlərinə görə, Çingiz televiziyaçılığı fərqli görür və AzTV-nin tələblərilə razılaşmırdı, deyə onu dövlət televiziyasından uzaqlaşdırmışdılar.
ANS-in fəailiyyətindən danışan V.Mustafayev deyib ki, onlar tam müstəqil olduqlarına və heç kimə bağlı olmadıqlarına görə bağlanıb.
“Biz heç vaxt heç kimdən əmr almırdıq. ANS 100 faiz mənim və Seyvulla Mustafayevin özəl şirkəti idi”.
V.Mustafayev deyib ki, ANS daha əvvəllər də dəfələrlə bağlanıb, keçmiş prezidentlər Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin hakimiyyəti dövründə..
“Bir qalmaqallı veriliş hazırlamışdıq. Qarabağdan Bakıya bir neçə şəhid gətirmişdilər. Amma onları Şəhidlər xiyabanında dəfn etməyə icazə verməmişdilər. Onda şəhidləri gətirən ZİL maşınlarını Prezident Aparatının qarşısına sürmüş və onları 5-ci mərtəbədə əyləşən Prezidentə göstərmişdilər.
Mən də “Qalmaqal” adlı verilişimdə bu təfərrüatları göstərdim. Ertəsi gün ANS-i bağladılar. Bu, 1993-cü ilin mart ayında oldu.
1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya gələndə demişdi ki, “hardadı o “Xəbərçi” verilişi, çağırın gəlsin”. Ondan sonra bizim fəaliyyətimizi bərpa etdilər. Hardasa, üç ay fəaliyyətsiz olduq”.
V.Mustafayev bildirib ki, 1993-cü ilin sonunda ANS Zoologiya İnstitutunun binasında müstəqil qurum kimi fəaliyyətini davam etdirməyə başlayıb.
O, 1994-cü ildə də keçmiş Ali Sovetin sədri Rəsul Quliyevin sifarişi ilə ANS-in bağlandığını xatırladıb.
V.Mustafayev ANS-in nə vaxtsa kiminləsə şərikli şirkət olduğu barədə iddiaları təkzib edib.
“Biz bugünə qədər hər şeyi öz pulumuzla yaratmışıq. Heç kimdən bir qəpik də almamışıq…
Bir dəfə bir məmur məni yanına dəvət etdi, dedi ki, “eşitmişik ki, siz səhmlərinizin 50 faizini Fərhad Əliyevə (sabiq iqtisadi inkişaf naziri-red.) vermisiniz. Mən dedim ki, Ədliyyə Nazirliyi var, gedin yoxlayın. ANS əvvəldən axıra kimi mənim və qardaşım Seyfullanın özəl şirkəti olub.
V.Mustafayev ANS-də keçmiş dostu Mirşahin Ağayevin payının olduğu barədə məlumatları da təkzib edib:
“Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mirşahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə Azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da “Azərbaycan” qəzetinin baş redaktoru idi”.
O, ANS-in indiki bağlanmağının da müvəqqəti olduğuna inandığını deyib:
“Biz həmişə hər şeyimizi ailəmizin pulu ilə qurub-yaratmışıq. Biz bu hadisədə Milli Televiziya və Radio Şurasına uduzduq və çəkildik qırağa. Bu məsələdə mən Avropa Məhkəməsinə müraciət edə bilməzdim. Çünki bu iş Avropa Məhkəməsinə getsəydi, onun adı olacaqdı “Vahid Mustafayev Azərbaycana qarşı”. Mənim isə bütün həyatın Azərbaycanla bağlıdır və belə bir şeyə heç cür razı ola bilmətəm”.
V.Mustafayev heç vaxt başqa adla telekanal açmaq istəmədiyini, yalnız ANS-i bərpa edə biləcəyini vurğulayıb.