Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Pakistan qırıcıları İran ərazisinə zərbələr endirib, 7 nəfər ölüb

Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə endirdiyi aviazərbələr nəticəsində 7 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb.

Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.

Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb.

Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.

Qeyd olunub ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: “Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır”.

Bildirilib ki, bu əməliyyat Pakistanın milli təhlükəsizliyini qorumağın təzahürüdür: “Bu olduqca mürəkkəb əməliyyatın uğurla həyata keçirilməsi həm də Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının göstəricisidir. Pakistan xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək. Pakistan İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini qoruması idi”.

XİN-in bəyanatında vurğulanıb ki, Pakistan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyir: “Pakistan suverenliyinin və ərazi bütövlüyünün mübahisələndirilməsinə heç vaxt icazə verməyəcək. İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. Biz terrorizm təhlükəsi də daxil olmaqla ümumi çağırışlarla mübarizədə həmişə dialoq və əməkdaşlığı vurğulamışıq və birgə həll yolları tapmağa çalışacağıq”.

Bundan başqa, “Reuters” agentliyinin məlumatına əsasən, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın hava məkanına daxil olub və terrorçuların sığınacaqlarına zərbələr endirdikdən sonra geri qayıdıb. Amma əməliyyatda neçə qırıcının iştirak etməsi barədə məlumat verilməyib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …