İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb.
Agentlikdən verilən məlumata görə, açıq tender nəticəsində bağlanmış satınalma müqaviləsinə əsasən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir.
Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, punksiyası və çıxarılması, ağciyər arteriyasından çıxan sol və sağ tac damarların reimplantasiyası, daralmış aorta damarına minimal invaziv yolla balonun tətbiqi, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir.
Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə Bona Dea Hospitalına göndəriş verilir.
Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara təcili cərrahi müdaxilə tələb olunarsa uşaq və onun qanuni nümayəndəsinin Respublika Uşaq Klinik Xəstəxanasına yönləndirilməsinə ehtiyac yoxdur. Təcili tibbi yardım tələb olunan hallarda yenidoğulmuşun vəziyyəti və transportabelliyi nəzərə alınaraq küvəzlə təmin olunmuş reanimobildə neonatoloq və tibb bacısının (mama) müşayiəti ilə uşaq əməliyyat üçün birbaşa Bona Dea Hospitalına çatdırılmalıdır. Bu halda tibb müəssisəsi tərəfindən son diaqnozun qoyulması və yekun icra olunacaq əməliyyatın təyinatı üçün Agentliyin məsul şöbəsinə bu barədə elektron sorğu göndərilməli və razılıq alınmalıdır.
Qeyd edək ki, anadangəlmə ürək qüsurlarının cərrahi əməliyyatla aradan qaldırılması həmçinin Agentliklə müqaviləsi olan digər özəl tibb müəssisələrində də icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına göndəriş əsasında həyata keçirilir. Bona Dea Hospitalında müqavilə əsasında icra olunacaq cərrahi əməliyyatın cəmi 6-sı Xidmətlər Zərfinə daxil deyil. Buna baxmayaraq patologiyaların vaxtında aşkarlanması və cərrahi müdaxilə həyati təhlükəli vəziyyətlərin qarşısını aldığı üçün anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar sözügedən kardioloji əməliyyatlardan ödənişsiz faydalana bilərlər.