Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva islam ölkələrinin ombudsmanlarını Ermənistanın işğal dövründə törətdiyi ekoloji terror aktları, mina problemi haqqında məlumatlandırıb.
Boyukmillet.com-un məlumatına görə, müvəkkil bu barədə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin Pakistanda keçirilən 10-cu iclasında çıxış edib.
Pakistanın Federal Vergi Ombudsmanının ev sahibliyi etdiyi, Türkiyə, Mərakeş, İndoneziya, Bəhreyn və Bolqarıstan ombudsmanlarının təmsil olunduğu tədbirdə çıxışı zamanı müvəkkil silahlı münaqişələrin və təbii fəlakətlərin artması nəticəsində insan hüquq və azadlıqlarının təmini sahəsində ciddi problemlərin yarandığını, insanların fundamental hüquqlarının kobud şəkildə pozulduğunu, məcburi miqrasiyanın artdığını qeyd edib.
Ombudsman qeyd olunan bu hadisələr fonunda BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinin həlli istiqamətində təşəbbüslərin zəiflədiyini bildirib, habelə həmin çağırışların təşviqində milli insan hüquqları institutlarının mühüm rolunu vurğulayıb.
Müvəkkil işğal və hərbi münaqişələrin ətraf mühitə mənfi təsirindən danışıb, Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə torpaqlarımızda törədilmiş ekoloji terror aktlarından bəhs edib, azad olunmuş ərazilərimizdəki mövcud mina problemindən danışıb.
Ombudsman işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədilə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib.
S.Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçiriləcəyini, bununla bağlı dünya ölkələri tərəfindən qəbul edilən qərarın ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsi olduğunu, qeyd olunan mötəbər tədbirin təşkili məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvü olaraq bu prosesdə yaxından iştirak etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil bu mövzuda İƏT ölkələrinin Ombudsman təsisatlarının iştirakı ilə birgə tədbirin təşkil olunmasını təklif edib, bu görüşün ətraf mühitin mühafizəsi və təbliğat sahəsində müsbət təcrübələrin mübadiləsi üçün imkanlar yaradacağını bildirib.
İclasda İƏT OA üzvləri arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, Assosiasiyanın beynəlxalq forumlarda təmsil olunmasının vacibliyi vurğulanıb.