Ermənistan I Qarabağ müharibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmi qeydiyyatında olan və əsirlikdə öldüyü bildirilən 33 nəfərin meyitini Azərbaycana qaytarmayıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar.
“Lakin sonradan onlardan 17 nəfərin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb. 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb”, – deyə məlumatda qeyd olunub.