Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 3-cü Antalya Diplomatik Forumunun açılış mərasimində iştirak edib.
Boyukmillet.com xəbər verir ki, Ersin Tatar, xanımı Sibel Tatar və KKTC Prezident Adminstrasiyasından bir heyət 100-dən çox ölkənin dövlət və hökumət başçılarının, nazirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən III Antalya Diplomatik Forumunun açılış mərasiminə qatılıb.
KKTC-nin baş naziri Ünal Üstel və xarici işlər naziri Tahsin Ərtoğruloğlunun müşayiəti ilə Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyətinə prezidentin müşaviri Okan Donangil, xüsusi nümayəndə Günəş Onar, hüquq müşaviri Sülen Karabacak və beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyn İşıqsal daxildir.
Bu il üçüncü dəfə “Böhranlar dövründə diplomatiyanı ön plana çıxarmaq” əsas mövzusu ilə keçirilən forumda iqlim dəyişikliyi, immiqrasiya, İslamofobiya, ticarət müharibələri, süni intellekt kimi bir çox qlobal problemlər və böhranlar mövzuları müzakirə edilib.
Ersin Tatar 100-dən çox ölkədən 20-dən çox dövlət liderinin və 4 minə yaxın qonağın iştirakı ilə keçirilən forumun açılış və bağlanış mərasimlərində iştirak edib və bir sıra “beynəlxalq görüşlər” keçirib.