“Azərbaycan silahlı qüvvələri 1918-ci il 26 iyunda yaradılıb. Biz Xalq Cümhuriyyətinin varisiyik. O zaman Nuru Paşa və Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov kimi generalların sayəsində Azərbaycanda ordu yaradıldı”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert, “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli deyib.
O bildirib ki, həmin tarixdə də ermənilərin xəyanəti nəticəsində Qarabağda proseslər baş vermişdi: “İlk olaraq yatırılsa da, daha sonra Xalq Cümhuriyyəti qısa zamanda müəyyən işlər görsə də, təəssüflər olsun ki, süquta uğradı. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda ordu quruculuğu, ordumuzun memarı Ulu Öndər Heydər Əliyevdir.
O, qısa bir zamanda vahid komandaya əsaslanan ordu, hərbi akademiya, təlim-tədris mərkəzi yaratdı. Hələ sovetlər dövründə Naxçıvanski adına liseyin əsasını qoymuşdur. İndiki ordumuzun generallarının, zabitlərinin böyük hissəsi həmin liseyin məzunlarıdır. Eyni zamanda ordunun beynəlxalq əlaqələri gücləndi. Qardaş Türkiyə ilə əlaqələr sıxlaşdı. Cəbhədə düşmən Füzuli istiqamətində məğlub olaraq geri oturdu və atəşkəs imzalamağa məcbur edildi. Cənab Prezident İlham Əliyev ordu quruculuğunu yüksək müasir standartlara uyğun yüksəltdi və qarşıya tələb qoymuşdu ki, hərbi büdcə bütünlükdə Ermənistanın dövlət büdcəsindən çox olmalıdır. Ordunun silahlanması müasir ordu yaradılması istiqamətində Azərbaycan dövləti böyük işlər gördü və onun da nəticəsində 44 günlük Vətən müharibəsində böyük qələbə əldə edildi. Eyni zamanda bir günlük antiterror əməliyyatında da qələbə əldə edildi”.
Onun sözlərinə görə, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir: “Mənəvi-psixoloji hazırlığa, döyüş təcrübəsinə, müasir silah-sursatın olmasına görə ən güclü ordulardan biridir. Hərbi-tibbi korpusu yüksəkdir, müasir hospitalları var, müasir hərbi kazarmaları var, yüksək rütbəli zabitlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu ordu qalib ordudur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçmiş təcrübəyə malik ordudur. Ordu cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə modelinə keçir və bu istiqamətdə böyük işlər görülür. Hər il ordumuz daxili qoşunlar və Dövlət Sərhəd Xidməti ilə birlikdə təlimlər keçirir. Ehtiyatda olan hərbi qulluqçular bu təlimlərə cəlb edilir. Bütün bunlar onu deməyə əsas verir ki, ordumuz bütün qoşun növləri, həm xüsusi təyinatlılarımız, həm quru qoşunlarımız, həm hava qüvvələrimiz, həm dəniz donanmamız, hamısı yüksək səviyyədədir. Qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Bunu bütün bölgə dövlətləri, dünya dövlətləri bilir. Ordumuz tez-tez təlimlər keçirir.
Ordunun ən böyük sınağı müharibədir. Bu müharibədən də Azərbaycan ordusu üzü ağ, alnı açıq şəkildə çıxıb. Ordumuzu təbrik edirəm, başda Ali Baş Komandan cənab Prezident İlham Əliyev olmaqla bütün hərbi qulluqçularımızı təbrik edirəm. Şəhid ailələrimizi, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Ordu Günü həm də xalqın bayramıdır. Bütünlükdə xalqımızı təbrik edirəm. Ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin bərpasından sonra isə bu qələbələrin daha böyük mənası var. Eşq olsun Azərbaycan dövlətinə, eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan Prezidentinə!”