Tacikistan və Avropa İttifaqı (Aİ) Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamağı planlaşdırır.
Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi nazir müavini İsmətullo Nəsrəddin ilə Aİ-nin Mərkəzi Asiya və Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı üzrə Xarici Xidmət Departamentinin idarəedici direktorunun müavini Lyuk Devin arasında aparılmış danışıqlardan sonra məlumat yayıb.
Məlumatda qeyd edilir ki, tərəflər saziş ətrafında fikir mübadiləsi aparıblar. Aİ-nin Tacikistandakı səfirliyinin saytında da sənədlə bağlı danışıqların yaxın vaxtlarda başa çatdırılmasının planlaşdırıldığı bildirilir. Sazişin Aİ ilə Tacikistan arasında mövcud tərəfdaşlığı dərinləşdirəcəyi və yeni sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirəcəyi, münasibətləri yeni, daha iddialı səviyyəyə qaldıracağı vurğulanır.
“Aİ Tacikistanın sabitliyi və firavanlığına və onun islahatlar səylərinə davamlı dəstəyini bir daha təsdiqləyib”, – səfirlikdən əlavə edilib.
Xatırladaq ki, 2009-cu ildə Tacikistan və Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb, sənəd 2010-cu ildə qüvvəyə minib. O, Tacikistan üçün vacib olan enerji və su ehtiyatları sahələrində də daxil olmaqla, siyasi dialoq və investisiyaların qarşılıqlı təşviqi üçün parametrləri müəyyən edir, həmçinin sənaye, texnoloji və mədəni əməkdaşlıq üçün çərçivə təmin edir.