Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib.
Boyukmillet.com xəbər verir ki, dəyirmi masada Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları, dairə və məntəqə seçki komissiyalarının nümayəndələri, eləcə də media subyektləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tədbiri giriş sözü ilə açaraq Müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyətin öyrənilməsi barədə, eləcə də müvafiq dövlət qurumları ilə birgə maarifləndirmə tədbirlərini təşkili haqqında məlumat verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlərin görüldüyü, seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığı və seçki qanunvericiliyi, seçki prosedurları barəsində geniş məlumat verib.
Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı çıxış edərək parlament seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.