Cümə , 27 Dekabr 2024
Drone Cameras

Emin Həsənli Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyinin 17-ci qurultayında iştirak edib

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qardaş ölkənin Ehtiyatda olan Gizirlər Birliyinin 17-ci qurultayında iştirak edib.

525.az xəbər verir ki, Türkiyənin Gizirlər Birliyi 150 min nəfərdən artıq ehtiyatda olan giziri təmsil edən təşkilatdır. Onların ailə üzvləri də bu birliyin üzvləridir. Qurum bütünlükdə yarım milyon nəfərə yaxın insanı əhatə edir. Bunlar uzun müddət Silahlı Qüvvələrdə xidmət etmiş gizirlərdir. Onların Türkiyə Silahlı Qüvvələrində özünəməxsus yeri var. Türkiyə xarici işlər naziri Hakan Fidan da gizirdir. Gizirlər bu gün Türkiyədə müxtəlif vəzifələrdə çalışırlar.

Tədbirdə çıxış edən Emin Həsənli bildirib ki, dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün uzaq gələcəyə hesablanmış tədbirlər görürdü. Tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədidir və daim davam edəcək: “Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin qəlbi bizimlə döyündü. Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir. Hər iki ölkənin prezidentləri bu qardaşlığa çox böyük önəm verir. Bu qardaşlığın əsası Ulu öndərin “Bir millət, iki dövlət” şüarı əsasında qoyulub. Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək və bu birliyi heç kəs sarsıda bilməz. Biz iki qardaş dövlətik və bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir. Dərin tarixi kökləri olan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır”.

Emin Həsənli qeyd edib ki, Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır: “Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Eyni kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda saysız-hesabsız qardaşlıq nümunələrinə rast gəlmək mümkündür. Türkiyə və Azərbaycan xalqlarının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir. Biz iki qardaş dövlətik və bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır. Azərbaycan-Türkiyə qardaşlığı həm prezidentlər, həm də xalqlarımız, eləcə də hər iki ölkədə fəaliyyət göstərən QHT-lər, media və idman ictimaiyyəti səviyyəsində davam edir. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir”.

S.QARAYEVA

Check Also

AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək

AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların …