Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Seçkilərlə bağlı Penitensiar Xidmətdə seminar-məşğələ təşkil olunub.

09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Penitensiar xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Baş idarədə seminar-məşğələ təşkil olunmuşdur.

Tədbirdə Penitensiar xidmətin rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak etmişlər.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirə iştirakçılarını salamlayaraq, səsvermənin keçiriləcəyi nəzərdə tutulmuş Mühafizə alayında və penitensiar müəssisələrdə məntəqələrin yaradılması işlərinə başlanıldığını, əsgərlərin, məhkum və həbs edilmiş şəxslərin maarifləndirilməsi məqsədilə məlumat guşələrinin, seçkilərlə bağlı radio və televiziya verilişlərinin izlənilməsinə müvafiq şəraitin yaradıldığını qeyd etmişdir.

Xidmət rəisi əvvəlki seçkilərdə əldə olunmuş təcrübə sayəsində qarşıdan gələn seçkilərin də yüksək səviyyədə, şəffaf və demokratik şəraitdə keçiriləcəyindən əminliyini ifadə etmişdir. Penitensiar müəssisələrdə və tabe qurumlarda məhkum və həbs edilmiş şəxslər, eləcə də müddətli hərbi xidmət keçən əsgər və çavuşlar arasında səsvermə prosesinin seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli köməklik göstərilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə Penitensiar xidmətin Baş idarəsində rəhbər vəzifəli məsul əməkdaşlardan ibarət Komissiyanın yaradıldığı vurğulanmışdır.

Seçkilərlə bağlı penitensiar müəssisələrdə kompleks profilaktiki tədbirlərin həyata keçirilməsi, nəzarətin daha da gücləndirilməsi, həbs edilmiş şəxslərlə və məhkumlarla Milli Məclisə seçkilərin mahiyyəti və əhəmiyyəti barədə geniş izahat işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində artıq uzun illərdir ki, seçki mədəniyyətinin formalaşdığını və Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin təşkili qaydalarına uyğun icra mexanizminin yaradıldığını diqqətə çatdırmışdır. MSK katibi Milli Məclisə növbədənkənar seçkilərin də Penitensiar xidmətin tabe qurumlarında mütəşəkkil, demokratik və təhlükəsiz şəraitdə keçiriləcəyindən əminliyini vurğulamışdır.

Azərbaycanda Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ müzakirələrlə davam etmişdir.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …