Rusiyada həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Məmmədov İqrar Məmməd oğlu həbsxanada işgəncələrə məruz qalır.
Voloqda vilayətinin Şeksna qəsəbəsində yerləşən ciddi rejimli 12 saylı həbsxanada saxlanılan İqrar Məmmədov (1985-ci il təvəllüdlü) 13 il müddətinə azadlıqdan məhrum olunub. Çerepovets şəhərində oyun avtomatlarını soyduğu üçün azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı artıq 8-ci ildir ki, cəzasını çəkir.
O, Çerepovets şəhərə məhkəməsinin hökmünə qədər yerli təcridxanada saxlanılıb. Bu zaman təcridxananın Nazarov soyadlı rəisi tərəfindən fiziki şiddətə məruz qalıb. Barəsindəki ittiham aktını da Nazarov İqrar Məmmədovun gözü qarşısında cırıb.
2019-cu il oktyabrın 18-də Şekninsk rayon məhkəməsi onu həbsxanada dava salmaqda ittiham edərək cəzasının çəkilməyən hissəsi ilə birlikdə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
Voloqda vilayətində vəkillik fəaliyyəti ilə məşğul olan İlya Parfenov Modern.az-a açıqlamasında vəziyyəti təsvir edib.
“İqrar Məmmədov artıq 3 ildir ki, cərimə təcridxanasında saxlanılır. O bu müddətdə 1 dəfə olsun hamama aparılmayıb. Namaz qılan zaman döyülür. İqrar Məmmədovun cənamazı müsadirə olunub. Şikayətlərini gözünün qarşısında cırırlar. Yaxınları ilə görüşə icazə verilmir. Yanına sovqat göndərilməsinə icazə verilmir. Kameranı təmizləmək üçün vasitələr vermirlər. Şəxsi gigiyena vasitələri yoxdur. Yeməyi yerə atırlar, üzünə gülürlər. Səfirlik əməkdaşları ilə görüşmək istədiyini xahiş edir. Ağır psixo-emosional vəziyyətdədir, ağlayır. Çox çirklidir. İntihar etmək istədiyini deyir. İstənilən vəkilə, müstəntiqə və hüquq müdafiəçisinə ifadə verməyə hazır olduğunu bəyan edir. Köməyə ciddi ehtiyacı var”.
Məsələni diqqətdə saxlayacağıq.