Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Seçki: Hansı dairə və məntəqələr ləğv ediləcək… – Ekspertlər

9 fevral tarixində baş tutan növbədənkənar parlament seçkiləri arxada qalsa da, hazırda qanunvericiliyə uyğun növbəti mərhələ başlayıb: seçki pozuntuları ilə bağlı müraciətlərə baxılır.

Boyukmillet.com xəbər verir ki, ən ciddi məqam da burda yaşanır. Artıq deputatlığa namizədlər və onların vəkillərinin ötən gün MSK qarşısında icazəsiz aksiyaya cəhdi də müşahidə olunub, eyni zamanda, gənclərdən ibarət olan bir qrup namizəd qurumun önündə oturaraq, MSK katibi Mikayıl Rəhimovu yanlarına gəlməyə və suallarına cavab verməyə məcbur ediblər.

Bu sual-cavabda üzə çıxan fakt bundan ibarətdir: şikayətlər nədir və necə sənədləşdirilib?

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, hazırda 300 civarında video (sosial şəbəkələrdə seçki pozuntusu) və müraciət incələnir.

Hadisələri və müraciətləri analiz edən ekspertlərin sözlərinə görə, deputatlığa namizədlərin və onların vəkillərinin, həmçinin müşahidəçi və nümayəndələrinin ən ciddi çatışmazlığı hüquqlarının sərhədlərini müəyyənləşdirə bilməmələri, seçki pozuntusunu aktlaşdırmamalarıdır. Pozuntu dərhal qeydə alınmalı, aktlaşdırılmalı və anında da Dairə Seçki Komissiyası və Mərkəzi Seçki Komissiyasına göndərilməlidir.

Videoları izləyən mütəxəssislər bildirirlər ki, əslində seçki prosesində baş verən pozuntuya etiraz edən namizəd, vəkil və ya müşahidəçi qanunvericiliyi bilmədiyi və hüquqi prosedurlara uyğun davranmadığı üçün, istəyib-istəməməsindən asılı olmayaraq, haqsız duruma düşür.

“Ən çox müşahidə olunan məqamlardan biri vəkil və ya müşahidəçinin seçki pozuntusu ilə bağlı məntəqə seçki komissiyasının sədri və yaxud məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə mübahisə etməsi, bir çox hallarda bu mübahisənin az qala fiziki təzyiq səviyyəsinə qalxmasıdır.

Müşahidəçilər bir faktı bilməlidirlər ki, məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvünün seçki günü imtiyazları deputatın imtiyazları səviyyəsindədir: nəinki onunla mübahisə etmək, onu təhqir etmək, hətta seçki məntəqəsində məntəqə üzvünə müşahidəçinin müəyyən məsafədən artıq yaxınlaşması qanunla qadağandır”, – mütəxəssislər qeyd edir.

Müşahidə etdikləri videoların böyük əksəriyyətində məntəqə seçki komissiyasının sədri və ya həlledici səs hüquqlu üzvlərinin də öz hüquqlarını bilmədiyinin göründüyünü vurğulayan ekspertlərin sözlərinə görə, qanunvericiliyə uyğun davranılarsa, videolarda əksini tapan bir çox məqamlara görə müşahidəçilər inzibati qaydada həbs edilməlidir:

“Bəzi videolarda müşahidəçinin seçki pozuntusuna etirazı bütün hədləri aşır və o, faktiki olaraq, seçki qanunvericiliyi və təlimatlardan kənara çıxır. Faktiki olaraq əksər görüntülərdə əsəblərinə hakim ola bilməyən və qanunlardan xəbərsiz müşahidəçilərin haqlı ikən haqsız duruma düşmələrinin şahidi oluruq. Hətta bir çox məqamlar var ki, məntəqə seçki komissiyasının üzvü o halda müşahidəçinin inzibati qaydada həbs edilməsini tələb etmək haqqına sahibdir”.

Ekspertlər bildirib ki, müşahidəçilər üçün seçki məntəqələrində konkret yerlər ayrılır:

“O yerlərdən ayrılaraq, məntəqə seçki komissiyası üzvlərinə yaxınlaşmaq, onlardan nəsə tələb etmək, saxtakarlıq faktı kimi onun əlindən topa bülleteni almaq üçün fiziki güc tətbiq etmək olmaz. Bu, çox ciddi qanun pozuntusudur və buna görə müşahidəçi 15 sutka həbs cəzası ala bilər.

Müşahidəçi onun üçün ayrılmış yerdə müşahidə aparmalıdır. Əgər həmin yer seçki qutusunu görməyə və seçkiyə gələnləri normal müşahidə etməyə imkan vermirsə, eyni zamanda, səslərin sayılması zamanı görməni məhdudlaşdırırsa, onun MnSK sədrindən bu nöqsanı aradan qaldırmasını tələb etmə haqqı var. Əgər məntəqə sədri bu nöqsanı aradan qaldırmırsa, artıq bu, ciddi pozuntudur və müşahidəçi tərəfindən aktlaşdırıla bilər.

Və yaxud, digər seçki pozuntusu müşahidə edən müşahidəçi dərhal akt tərtib etməklə, həmin foto və video faktları da o akta daxil etməlidir. Seçki qanunvericiliyinə əsasən, həmin akta digər müşahidəçi və namizədin nümayəndələrinin də imza atması və şahidlik etməsi o məntəqənin nəticələrinin ləğvini artıq qaçılmaz edir.

Müşahidəçi əgər məntəqə seçki komissiyasında MnSK-nın seçki nəticələrinin ciddi şübhə altına alacaq və onun nəticələrinin ləğvinin tələbi üçün vacib faktlar toplayıbsa və aktlar yazıbsa, o aktlara imza atan digər müşahidəçilərlə birgə kimsə ilə mübahisə və seçki prosesinə müdaxilə etmədən, təhqirə yol vermədən DSK-ya və MSK-ya məlumat verə, DSK üzvünü və namizədlərin səlahiyyətli nümayəndələrini məntəqəyə dəvət edə və müşahidəni dayandıra bilər. Topa bülleteni komissiya üzvünün əlindən almağa cəhd artıq müşahidəçi tərəfindən qanun pozuntusudur: müşahidəçi onu sadəcə aktlaşdırmalı və foto-videoları ilə birgə dərhal DSK və MSK-ya verməlidir”, – ekspertlər bildirib.

Mütəxəssislərin sözlərinə görə, bu seçkilərdə ciddi pozuntuların müşahidə edildiyi məntəqələr var, amma təəssüf ki, müşahidəçilərin böyük əksəriyyəti akt tərtib etməyib və bu barədə DSK və MSK-ya müraciətlər yoxdur:

“DSK-lara müraciət bu gün başa çatır, buna baxmayaraq, dairə seçki komissiyalarına çoxsaylı faktları əhatələyən sübutlarla şikayətlərin verilməsinin şahidi olmuruq. Əksinə, Mərkəzi Seçki Komissiyası çox böyük jest edərək, sosial şəbəkələrdəki faktları araşdıracağını bildirir. Başqa sözlə desək, bu seçkidə namizədlərin müşahidəçiləri qanunvericiliyin tələbinə yox, görüntü çəkməyə və mübahisələri yaymağa üstünlük verdilər. Bu isə namizədlərin komandalarının seçki qanunvericiliyi haqda geniş məlumatlarının olmaması deməkdir və bu, mübarizənin hüquqi müstəvidə davam etməsinə, məntəqə seçki komissiyalarında baş verən pozuntulara hüquqi qiymət verilıməsinə ciddi əngəl yaradır”.

Ekspertlərin sözlərinə görə, hazırda 300 video və şikayətin araşdırılması seçkilərdə ciddi pozuntu iddiası üçün yetərli deyil:

“Hətta Mərkəzi Seçki Komissiyası bütün hüquqi prosedurları bir kənara qoyaraq, aktları tələb etməsə və müşahidəçilərin məntəqələrdəki qanunsuz addımlarına göz yumsa və 300 video-görüntünün hamısını pozuntu kimi qeydə alsa, bu fakt yenə də seçkilərə kölgə salmayacaq. Ölkə üzrə 5573 məntəqədə seçki keçirilib, 300 görüntü hətta ayrı-ayrı məntəqədə olarsa və bu məntəqələrin hər birində nəticələrin ləğvi gündəmə gələrsə, ümumilikdə bu, seçki məntəqələrinin 5 faizini əhatələyəcək. 5 faiz pozuntu isə heç bir halda seçkilərlə bağlı neqativ fikir səsləndirməyə əsas vermir”.

Ekspertlər namizədlərin çox olmasının seçici aktivliyinə təsir etməməsi məsələsinə də toxunub:

“1314 namizəd olduğunu nəzərə alsaq, bu, təxminən hər dairə üzrə 11 namizəd deməkdir. Hər dairədə ortalama 40 min seçici olduğunu düşünsək, demək, hər bir namizədə təzminən 3,5-4 min seçicini seçkiyə gətirmək qalır. Rəsmi məlumata görə, seçici aktivliyi 48 faizə yaxın olub. Belə çıxır ki, ən yaxşı halda bir dairə üzrə 20 minə yaxın seçici seçkiyə gəlib. 11 namizəd üçün seçkiyə 20 minə yaxın seçicinin (hər şəxsə iki mindən də az seçici düşür) gəlməsinin özü çox aşağı nəticə sayılmalıdır. Görünür, namizədlər seçicilərlə də kifayət qədər yaxşı işləməyiblər. Bura seçki qanunvericiliyinə uyğun addım atmamalarını da əlavə etsək, ciddi boşluq ortaya çıxacaq”.

Mütəxəssislərin rəyinə görə, namizədlərin hüquqi müstəvidə deyil, piket xarakterində MSK qarşısına toplanmaq kimi ötən gün etdikləri cəhd isə onların özlərinə qarşıdır:

“Namizədlər və seçki prosesinə girənlər birdəfəlik qarşılarına hədəf qoymalıdırlar ki, mübarizə yalnız hüquqi müstəvidə olmalıdır. Əgər bir seçkidən sonra Avropa Məhkəməsinə qədər cəmi 3-4 şikayət gedirsə və bunun da 2 və ya 3-ü təmin olunursa, 125 dairə üzrə baş tutan seçkiyə bu fakt xələl gətirə bilməz. Seçki tamamilə fərqli yanaşma, qanunvericiliyin tələbinə uyğun hazırlıq və peşəkar komanda tələb edir. Bunu isə təəssüf ki, bu seçkilərdə də müşahidə etmədik”.  /Axar.az/

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …