İranın Ali dini lideri Ayətullah Əli Xamenei bu gün, yanvarın 17-də çıxışında kütləvi etirazlar zamanı minlərlə insanın həyatını itirdiyini etiraf edib.
O, bəzi ölümlərin “insanlıqdan kənar və vəhşi” şəkildə baş verdiyini qeyd etsə də, bunları “fitnəkarlıq edənlərin” hərəkəti kimi izah edib və hadisələrdə ABŞ-ni günahlandırıb.
Xamenei baş verənləri “Amerikanın planı” adlandırıb və Prezidenti Donald Trampı İranın işlərinə müdaxilə etməkdə, etirazçıları dəstəkləməkdə və ölkədə siyasi təsirini artırmaqda ittiham edib.
İranda etirazlar 2025-ci il dekabrın 28-də artan inflyasiya və milli valyutanın kəskin ucuzlaşmasına qarşı başlamışdı. Bu il yanvarın 8-dən sonra isə daha geniş və radikal forma almışdı, kütləvi etirazlar güc tətbiq edilərək, yatırılırdı. Tramp İranı etirazçılara qarşı zor tətbiq etdiyi halda bu ölkəyə zərbə endirəcəyini bildirmişdi.
İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yanvarın 16-sına olan məlumatına görə, etirazlar zamanı ölənlərin sayı 3090 nəfərə çatıb. Ən azı 2055 nəfər ağır yaralanıb, həbs olunanların sayı isə 22123-ə yüksəlib.
İrandan internetin bloklanması səbəbindən ölkədəki vəziyyət haqqında obyektiv və tərəfsiz məlumat çox azdır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
