Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək.
Boyukmillet.com-un məlumatına görə, bu barədə Aİ ilə Azərbaycan arasında razılaşma əldə olunub.
Aİ-nin Azərbaycandakı nümayəndələyinin, razılaşma ilə bağlı yaydığı məlumatda bunun Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiya olduğu bildirilib:
“Bu dəmir yolu, 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.
Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi fayda qarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır”.
Bundan başqa məlumatda vurğulanıb ki, ikitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək.
“Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək”, məlumatda deyilir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
