İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri Əkrəm İmamoğluna qarşı açılmış növbəti məhkəmə işi üzrə hökm oxunub.
Boyukmillet.com xəbər verir ki, Silivri Məhkəmə Kompleksində keçirilən məhkəmə iclasında Əkrəm İmamoğlu Tuzla rayonunun keçmiş bələdiyyə sədri Şadi Yazıçıya “təhqir etmə” iddiası ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, onun haqqında Türkiyə Cəza Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq siyasi fəaliyyətlə məşğul olmaq yasağı da tətbiq edilib.
İmamoğlu daha əvvəl bu davanı idarə edən aşağı məhkəmələrdə iki dəfə bəraət alsa da, Apellyasiya Məhkəməsi bəraət qərarlarını ləğv edərək işi yenidən baxılması üçün geri göndərmişdi. Sədrin müdafiə tərəfi onun işlətdiyi ifadələrin kontekstdən çıxarıldığını bildirərək tam bəraət tələb etsə də, məhkəmə heyəti ittiham hökmünü qüvvədə saxlayıb. İmamoğlu prosesi “skandal və hüquqi özbaşınalıq” adlandırıb.
Məhkəmə zalını tərk edərkən açıqlama verən İmamoğlu qərarın siyasi xarakter daşıdığını vurğulayıb: “Təyin olunmuş hakimlər mənim taleyim haqqında qərar verə bilməzlər. Yerə yıxılmış türk ədalətinə növbəti təpik vuruldu. Bu qərar hüquqi cəhətdən tamamilə hökümsüzdür. Əhval-ruhiyyənizi yüksək tutun”.
Qeyd edək ki, bu, İmamoğluna verilən ilk həbs cəzası deyil. O, daha əvvəl 2019-cu ildə İstanbul bələdiyyə seçkilərinin ləğv edilməsinə etiraz edərək Mərkəzi Seçki Komissiyasının (YSK) üzvlərini “axmaq” adlandırmaqda təqsirləndirildiyi məşhur davanın yekununda da 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmiş və həmin vaxt da haqqında siyasi yasaq qərarı çıxarılmışdı.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
