Ermənistan və Rusiya dəmir yolu nəqliyyatının fəaliyyətində yaranan problemlərin həlli və gələcək addımların müəyyənləşdirilməsi üçün birgə işçi qrupu yaradır.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ilə Rusiya Dəmir Yollarının (RJD) baş direktoru Oleg Belozerovun İrəvanda keçirilən görüşünün nəticələrinə dair rəsmi məlumatda bildirilib.
Tərəflər ortaya çıxan çətinlikləri qısa müddətdə araşdırmaq, optimal həll yolları tapmaq və fəaliyyət planını dəqiqləşdirmək barədə razılıq əldə ediblər.
Görüş zamanı Paşinyan regional nəqliyyat kommunikasiyalarının açılması perspektivlərinə toxunub. O, Ermənistan hökumətinin əsas məqsədinin ölkənin dəmir yolu şəbəkəsini rəqabətədavamlı etmək, onu qonşu dövlətlərin və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya etmək olduğunu vurğulayıb. Müzakirələrdə regional proseslərin yaratdığı yeni imkanlar və beynəlxalq marşrutlara qoşulma məsələləri xüsusi yer alıb.
Danışıqlarda xüsusilə Gümrü-Axurik-Türkiyə sərhədi və Yerasx–Naxçıvan (Azərbaycan) dəmir yolu xətlərinin bərpası və yenidən qurulması layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin güzəştli idarəetmə dövründə infrastruktura edilən yatırımlar, idarəetmənin səmərəliliyi və mövcud problemlər nəzərdən keçirilib. RJD rəhbəri Oleg Belozerov Rusiya tərəfinin Ermənistanla bağlanmış konsessiya sazişinə tam sadiq qaldığını və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
