Fransa XİN başçısı Azərbaycanı Yeni Kaledoniyaya müdaxilədə ittiham edib, Bakı iddiaları rədd edir
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Azərbaycanla əlaqələndirdiyi bir qrupu Yeni Kaledoniyada üsyana çağırışlar yaymaqda və Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə bu ittihamları əsassız adlandıraraq Fransanı qarşıdurma ritorikasını davam etdirməkdə günahlandırıb.
Barro bu barədə oktyabrın 13-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təşkil etdiyi “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”da çıxışı zamanı danışıb.
Fransa XİN-in rəsmi saytında yayımlanan çıxışa görə, nazir xarici müdaxilələrin və dezinformasiyanın demokratik ölkələr üçün ciddi təhlükəyə çevrildiyini bildirib.
O, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində ölkəni sabitlikdən çıxarmağa yönəlmiş fəaliyyətlərin artdığını iddia edib.
Barro bu kontekstdə Azərbaycanla əlaqələndirdiyi bir qrupun fəaliyyətindən də danışıb:
“Azərbaycan qrupu Numeada konqreslər təşkil edərək dənizaşırı ərazilərdə üsyana çağırışlar səsləndirir və təxribat xarakterli konstitusiya layihələri yayır”.
Nazir çıxışında həmin qrupun adını çəkməyib və konkret olaraq hansı konstitusiya layihələrini nəzərdə tutduğunu açıqlamayıb.
Barro eyni zamanda İsrail şirkətlərindən birini Fələstin məsələsi ətrafında süni qarşıdurma yaratmaq üçün saxta sosial media hesabları açmaqda, İlon Maskı isə Avropa liderlərinə qarşı onlayn təzyiq kampaniyaları aparmaqda ittiham edib.
Fransalı nazirin fikrincə, bu fəaliyyətlərin ümumi məqsədi demokratik təsisatları zəiflətmək və cəmiyyətdə qarşıdurmanı gücləndirməkdir.
“Biz heç bir xarici müdaxiləyə dözməyəcəyik. Bu, suverenlik məsələsidir”, – deyə Barro bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın xarici işlər nazirinin açıqlamasına etiraz edib.
O, Baronun Azərbaycanı hədəf alan ittihamlarını qətiyyətlə pislədiklərini bildirib:
“Fransalı nazirin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir”.
Hacızadə Azərbaycanın Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda mübarizəyə müdaxilə etməsi barədə iddiaları əsassız adlandırıb.
“Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir”, – deyə XİN rəsmisi bildirib.
O, Fransa rəsmilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prinsiplərini öz ölkələrinin siyasətində ardıcıl tətbiq etməyə çağırıb.
“Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq”, – deyə Hacızadə vurğulayıb.
Azərbaycanla Fransa arasında Yeni Kaledoniya ilə bağlı fikir ayrılığı bir neçə ildir davam edir.
Fransanın Sakit okeanda yerləşən dənizaşırı ərazisi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə Fransa hakimiyyəti arasında uzunmüddətli siyasi qarşıdurma mövcuddur. 2024-cü ilin mayında seçki qaydalarına dəyişiklik təşəbbüsündən sonra bölgədə kütləvi etirazlar və zorakılıqlar baş verib.
Azərbaycanla əlaqəli Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərində müstəqillik hərəkatlarını dəstəkləyən fəaliyyətlər həyata keçirir.
2025-ci ilin yanvarında Yeni Kaledoniyada Beynəlxalq Dekolonizasiya Cəbhəsinin qurultayı keçirilib. Bakı Təşəbbüs Qrupu toplantının keçirildiyini təsdiqləyib və Fransanın daxili işlərinə müdaxilə etməsi barədə ittihamları rədd edib.
Fransa parlamentində isə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti xarici müdaxilə kimi qiymətləndirilib. 2025-ci ildə hazırlanan parlament hesabatında Azərbaycan və Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyadakı proseslərə müdaxilədə ittiham olunub.
Azərbaycan tərəfi isə dənizaşırı ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirir və Fransanın ittihamlarını qəbul etmir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
