Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri Şotlandiya sahillərində NATO-nun hərbi təlimlərini izləyən Rusiyaya məxsus kəşfiyyat gəmisinin fəaliyyətini nəzarətdə saxlayıb.
Boyukmillet.com “The Telegraph”a istinadla xəbər verir ki, Rusiyanın “Viktor Leonov” adlı kəşfiyyat gəmisi Şotlandiyanın Outer Hebrid adaları yaxınlığında müşahidə edilib. Gəminin hərəkətini izləmək üçün Britaniya Hərbi Dəniz Qüvvələrinin “Merlin” helikopterləri səfərbər olunub.
Britaniya Hərbi Dəniz Qüvvələrinin noyabrın 2-də yaydığı məlumata əsasən, “Vişnya” sinfinə aid kəşfiyyat gəmisi sentyabrın 29-dan oktyabrın 8-dək bölgədə fəaliyyət göstərib. Bu müddət ərzində gəmi NATO-nun “Strike Warrior” hərbi təlimlərində iştirak edən döyüş gəmilərini yaxından izləyib.
Qeyd edək ki, sözügedən təlimlərə NATO-ya üzv altı ölkədən ümumilikdə 2 min hərbçi cəlb olunub.
Əməliyyat çərçivəsində “Merlin” helikopterləri İngiltərənin Kornuoll bölgəsində yerləşən Kral Hərbi Dəniz Aviasiyasının “Culdrose” bazasından Qlazqo Prestvik hava limanına göndərilib.
“Culdrose” bazasının komandiri, kapitan Ceyms Holl bildirib ki, həyata keçirilən əməliyyat Böyük Britaniyanın təcili əməliyyat tələblərinə cavab verməyə hazır olduğunu bir daha nümayiş etdirib. Onun sözlərinə görə, əməliyyat ölkənin təhlükəsizliyini sutkanın 24 saatı təmin etmək imkanlarını göstərmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Britaniya Hərbi Dəniz Qüvvələri son dövrlərdə Rusiyanın Britaniya sularında və ətraf ərazilərdə hərbi gəmilər, mülki və balıqçı gəmiləri vasitəsilə fəaliyyətini intensivləşdirdiyini bildirib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

