Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Pula toxunmaqla koronavirusa yoluxma ehtimalı yoxdur – Cəlal İsayev

İnsanların çox istifadə etdikləri pul vasitəsilə koronavirusa yoluxma ehtimalına aydınlıq gətirilib.

Boyukmillet.com-un məlumatına görə, Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın bu gün keçirdiyi brifinqdə çıxış edən Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolunun olması barədə məlumat verilməyib.

Onun sözlərinə görə, bu sıraya mobil telefon və s. də aiddir. Baş infeksionist əlavə edib ki, pula toxunmaq yolu ilə koronavirusa yoluxma ehtimalı yoxdur.

Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib ki, hər hansı bir obyektin daha çox insan əlinə dəydiyi halda mikrobioloji çirklənmə baş verir:

“Biz dəfələrlə qeyd etmişik ki, koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərində canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edərək əlləri sabunla yumaq lazımdır”.

Y.Qarayevanın sözlərinə görə, hələ ki, Ümumdünya Səhiyyə Təşkilatının nağdsız ödənişlə bağlı tövsiyəsini Nazirlər Kabineti yanında operativ qərargahının tövsiyələri sırasına daxil etməyiblər:

“Ancaq biz bütün hallarda ÜST-ün tövsiyələrinə riayət etməyə çalışırıq. Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …