Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı: “Bu cür üsullarla bizim cəmiyyətdəki milli, əxlaqi dəyərləri aşındırmaq istəyirlər”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 2-də “8 Mart – Bizimdir Hürr Küçələr” yürüş keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin, burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən, ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədəmüvafiq deyil. Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə martın 8-də, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.

Qeyd edək ki, Azərbaycan Feminist Hərəkatı martın 2-də martın 8-də, 15:00-da Nizami küçəsindən “Kolorit” kafesinin qarşısına qədər yürüş keçirmək üçün BŞİH-yə müraciət edib. Aksiyanı keçirmək istəyənlər niyyətlərini belə izah ediblər: “Həmin gün biz cəmiyyəti patriarxatdan azad etmək və səsimizi duyurmaq naminə birləşəcəyik. 8 Mart tarixən qadınların öz hüquqlarını tələb etmək məqsədilə etirazlar keçirməsi üçün təyin olunmuş gündür. Biz öz mübariz köklərimizə geri qayıtmalı, haqlarımız uğrunda yenidən birləşməliyik.

Yürüşün məqsədləri çoxsaylı qadın qətlinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin rəhbəri Taleyə İbrahimova Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib ki, Azərbaycanda heç vaxt feminizm hərəkatı olmayıb. Azərbaycanda ziyalı qadınların hərəkatı olub. Onun sözlərinə görə, bu gün Azərbaycanda qadın məsələləri ilə məşğul olan 300-ə yaxın təşkilat fəaliyyət göstərir.

O deyib ki, qadınları hüquqları haqqında maarifləndirməklə yanaşı, onlara iqtisadi baxımdan dəstək olmaq üçün də layihələr həyata keçirilir: “Azərbaycanda hazırda 9 qadın resurs mərkəzi fəaliyyət göstərir. İndiyədək Azərbaycanda 265 qadın sahibkar formalaşıb”.

Taleyə İbrahimova, həmçinin, vurğulayıb ki, son illər ölkədə erkən nikahların sayı azalıb.

Azərbaycanda doğrudan da qadınlara qarşı heç bir ayrıseçkilik yoxdur. Ölkəmiz dünyəvi qanunlarla idarə edildiyindən, qadınlara qarşı cinsi ayrıseçkilikdən söhbət belə gedə bilməz. Azərbaycan qadınları ölkənin bütün aktiv sahələrində yaxından iştirak edirlər. Bura radikal dini qanunlarla idarə olunan ölkə deyil ki, hansısa feminizm hərəkatına ehtiyac duyulsun. Aksiyanı təşkil edənlərin tələblərindən də görünür ki, əsası olmayan fikirlər irəli sürülür.

Ümumiyyətlə, Azərbaycanda feminist hərəkatına ehtiyac varmı?

Respublikada qadın hərəkatının fəallarından olan İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə tələbləri irəli sürənləri araşdırsanız, kökləri gedib xarici ölkələrə çıxacaq: “Mən uzun müddət Respublika Qadınlar Təşkilatının rəhbər strukturlarında təmsil olunmuşam. Bu həm SSRİ, həm də müstəqillik dönəmini əhatə edib. Hazırda da aktiv fəaliyyətlə məşğulam, müxtəlif layihələr həyata keçirirəm. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda qadınlara qarşı heç bir ayrıseçkilik yoxdur. Əksinə, cəmiyyətin böyük dəstəyini hiss etmişik. Bizim ölkəmizdə fəal qadınlara daha çox diqqət və dəstək verilir. Əminliklə deyə bilərəm ki, qadına olan hörmət, ehtiram yüksək səviyyədə olduğu üçün, hətta qadınlar karyera pillələrində daha tez irəliləyə bilirlər. Bütün bunlar bizim milli-mənəvi dəyərlərimizdən irəli gəlir. Qadına hörmət bizim cəmiyyətimizdə normaya çevrilib. İctimai nəqliyyatda gedəndə fikir verin. Görün bir qadını ayaq üstə saxlayırlarmı? Bütün cavanlar durub qadına yer verir. Bunu siz dünyanın başqa yerlərində görə bilməzsiniz. Belə münasibət heç bir direktivlə tənzimlənmir. Bu, cəmiyyətin özünün müəyyənləşdirdiyi dəyərlərdir. Belə vəziyyətdə olan ölkədə hansı feminizmdən danışmaq olar? Qadınlara qarşı cinayətin olduğunu əsas gətirirlər. Dünyanın heç bir ölkəsində hər hansı bir qadın cinayətin qurbanı ola biləcəyindən sığortalanmayıb. Bizdə də hər hansı qadına qarşı cinayət törədilirsə, buna kriminal hadisə kimi baxmaq lazımdır. Məqsədli şəkildə olunan siyasətin tərkib elementi kimi yox. Bu cür çağırışları dövlətimizdəki stabilliyə müdaxilə kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu cür üsullarla bizim cəmiyyətdəki milli, əxlaqi dəyərləri aşındırmaq istəyirlər. Dünyanın heç bir yeri ilə müqayisə olunmayan ailə institumuz var. Bunu kim inkar edə bilər? Azərbaycan dini dövlət deyil ki, burada qadınların hansısa haqlarını qorumağa ehtiyac olsun. Bütün bunları əsassız və lüzumsuz sayıram”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …