Ötən ilin aprelində düşmənlə təmas xəttində baş vermiş hərbi əməliyyatlar ölkəmizdə və dünyada böyük rezonansa səbəb olan hadisələrdən biri kimi yadda qaldı. Ermənistan ordusunun cəbhədə təxribatlarının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri düşməni geri oturtmaqla yanaşı, əks-hücuma keçərək Lələtəpə və bir neçə mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada da bütün diqqətləri bu münaqişəyə cəlb etdi. Döyüşlərdə Azərbaycan Ordusunun inamlı qələbəsi sübut etdi ki, atəşkəs sazişinin imzalanmasından ötən dövr ərzində Azərbaycan öz ordusunu gücləndirib, ən müasir hərbi texnika, silah-sursatla təchiz edib. Ümummilli lider Heydər Əliyevin xilas etdiyi milli dövlətçiliyin mövcudluğu təmin edilib və milli təhlükəsizlik konsepsiyası uğurla həyata keçirilib.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli AZƏRTAC-a açıqlamasında deyib.
E.Həsənli deyib ki, Ulu Öndərin ali siyasi hakimiyyətə qayıdışı ilə ordu quruculuğu prosesi əməli olaraq icra edilməyə başlandı, hərbi təhsil, kadr sahəsində müsbət nəticələrə səbəb olmuş islahatlar reallaşdırıldı. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu islahatların uğurla davam etdirilməsi ordumuzun daha da güclənməsini, milli hərbi sənayenin yaradılmasını stimullaşdırdı. Aprel döyüşlərində ordumuzun qələbəsi məhz həyata keçirilmiş inamlı islahatların, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının yüksək peşəkarlıqlarının və qəhrəmanlıqlarının məntiqi nəticəsidir. Cəmi bir neçə gün davam edən döyüşlərdə düşmənin ağır məğlubiyyətə uğradılması Azərbaycan Ordusunun gücünün sübutu olmaqla yanaşı, düşmənin miskinliyinin, ağır vəziyyətdə olmasının da göstəricisi sayılmalıdır. Döyüşlərdən sonra azad olunan torpaqlarımıza səfər edərək düşmən əsgərlərinin yaşayış şəraiti ilə tanışlıq zamanı görünən mənzərə Ermənistan hərbçilərinin olduqca ağır, acınacaqlı şəraitdə xidmət etdiklərini ortaya çıxardı. Təkcə bu fakt Ermənistanın Azərbaycan ilə müharibə etmək imkanlarının mümkünsüz olduğunu açıq nümayiş etdirir. Bu fərqə şəxsi heyətin hazırlığı, silah-sursat və hərbi texnikanı da əlavə etsək, Ermənistanın müharibə etmək gücündə olmadığını görərik.
İctimai Birliyinin sədri bildirib ki, aprel döyüşlərində Azərbaycanın atəşkəs sazişindən sonra ilk dəfə işğal olunmuş torpaqlarımızın bir hissəsini azad etməsi Ermənistanda “güclü ordu” mifini birdəfəlik dağıtdı. Məlumdur ki, düşmən tərəf 1990-cı illərin əvvəllərində Azərbaycandakı siyasi hərc-mərclikdən, xarici havadarlarının hərtərəfli dəstəyindən və mərkəzləşmiş nizami ordumuzun olmamasından istifadə edərək Dağlıq Qarabağı və ətraf rayonları işğal etmişdi. Ermənilər bunu özlərinin qüdrəti, gücü kimi erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sırımağa çalışırdılar. Onlar iddia edirdilər ki, işğal olunmuş torpaqlarda yaratdıqları “Ohanyan xətti” sarsılmazdır və keçilməsi mümkün deyil. Ancaq Azərbaycan Silahlı Qüvvələri cəmi bir neçə saata bu mifi darmadağın etdi. Düşmən diversiyasının qarşısını alan ordumuzun əks-hücumu zamanı Ermənistan ordusunun müdafiə xətti bir neçə saat ərzində dağıdıldı. Ermənistanda mövcud rejimin rəhbərləri uzun illərdir öz vətəndaşlarına və dünyaya erməni ordusunun gücü barədə əfsanələr danışmaqdan çəkinmirdilər. Ağır sosial-iqtisadi problemlərin məngənəsində yaşayan sadə ermənilər rəhbərlərinin yaratdıqları bu mifə o qədər inanırdılar ki, məruz qaldıqları çətinlikləri bununla kompensasiya etməyə çalışırdılar. Aprel döyüşləri isə bu mifin uydurma olduğunu elə ermənilərin özünə sübut etdi. “Güclü erməni ordusu”nun zabitləri əsgərlərin qaçmaması üçün pulemyotçuları səngərdə zəncirləməyə məcbur olmuşdular. Müdafiəsinin yarılması “mümkün olmayan” erməni ordusunun hərbi texnika və tanklarının işə salınması üçün dizel yanacağı tapılmamışdı. Bu isə düşmənin olduqca miskin durumda olduğunu açıq-aşkar sübut etdi. Ermənistan rəhbərliyi düşdüyü biabırçı vəziyyətdən ölkə ictimaiyyətinin diqqətini yayındırmaq üçün hərbi birləşmə komandirlərini, ordu rəhbərliyini dəyişdi. Ancaq bunlar terrorçu rejimi xilas edə bilməzdi. Döyüşlərdən qısa müddət sonra Ermənistanda Sarkisyana qarşı genişmiqyaslı etiraz aksiyaları başladı. Aprel döyüşlərində əldə olunan qələbəyə ən yüksək və dəqiq qiyməti verən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”.
Hazırda düşmən ölkə ağır günlərini yaşamaqdadır. Erməni cəmiyyətinin böyük bir hissəsi bu qənaətdədir ki, ölkənin düşdüyü belə ağır vəziyyətin səbəblərindən biri də Azərbaycan ərazilərinin işğal edilməsidir. Onlara görə bu işğal Ermənistanı normal inkişafdan məhrum edib və ölkənin demək olar ki, artıq müstəqil dövlət kimi mövcudluğu da sual altındadır.
“Aprel döyüşləri Azərbaycanın dövlət kimi gücünü bir daha ortaya qoydu. Ölkə hakimiyyətinin bütün sahələrdə həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan bu gün regionun lider dövləti statusunu daşıyır və gündən-günə öz qüdrətini artırır. Aprel döyüşləri, eyni zamanda, xalqın həmrəyliyinin ən yüksək səviyyədə nümayişi ilə yaddaşlara həkk olundu. Döyüşlərin başlanmasından keçən qısa müddətdə, cəmi bir neçə saata on minlərlə vətəndaşımız işğal olunmuş torpaqların azad edilməsi uğrunda savaşa qoşulmaq üçün müvafiq qurumlara üz tutdular. Həmçinin xalqımız ordu, dövlət ilə həmrəyliyini göstərərək cəbhə bölgəsinə, şəhidlərin dəfn mərasimlərinə axışdı. Bu xalqın öz dövlətinə, ordusuna və ölkə rəhbərinə olan inamının, sədaqətinin göstərişi idi. Azərbaycan xalqı qəhrəman xalq olduğunu, çətin gündə vətəni uğrunda hər şeyə hazır olmaq cəsarətinə sahib olduğunu bir daha nümayiş etdirdi”.
Aprel döyüşləri digər tərəfdən, Azərbaycanın ötən dövrdə uğurlu xarici siyasət yeritdiyini göstərdi. Döyüşlər zamanı beynəlxalq təşkilatlar, xarici ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatlar verdilər. Hətta Ermənistanın müttəfiqləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqındakı tərəfdaşları belə bu işğalçı dövləti dəstəkləməkdən imtina etdilər. Ermənistanla eyni hərbi-siyasi və iqtisadi blokda olan Qazaxıstan və Belarus açıq formada Azərbaycanı dəstəkləyərək ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Bu isə erməni ictimaiyyətində ciddi suallar doğurdu. Bütün bunlar Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasətinin nəticəsi idi. Ermənistandan fərqli olaraq, Azərbaycan dünyanın bütün dövlətləri ilə dost və tərəfdaşlıq münasibətləri qurub, balanslaşdırılmış xarici siyasət həyata keçirərək xarici ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlıq edir. Bu siyasətin nəticəsidir ki, bu gün dünyada Azərbaycan sülhpərvər, tolerant ölkə kimi tanınır və hər cəhətdən böyük nüfuz qazanıb”, – deyə E.Həsənli bildirib.
Ekspertin sözlərinə görə, respublikamızın müvafiq dövlət qurumları, ölkə ictimaiyyəti aprel döyüşləri zamanı ən yüksək səviyyədə peşəkarlıq və həmrəylik nümayiş etdirib. Şəhidlərimiz yüksək ehtiramla sən mənzilə yola salındı. Qeyd edək ki, çoxsaylı itkilərini cəmiyyətdən gizlədən Ermənistan hakimiyyətinin bu addımı bu ölkədə böyük ajiotaja səbəb oldu. Ermənistan rəhbərliyi cəbhədəki ağır itkilərin sayını və cəsədləri gizlətməklə öz vətəndaşına və hərbçisinə zərrə qədər də hörmət etmədiyini göstərdi. Azərbaycanda isə şəhidlərin dəfnində əsl izdiham yaşandı, xalqımız şəhidlərimizin ruhuna ən yüksək hörmət və ehtiram nümayiş etdirdi. Azərbaycan dövlətinin və xalqının qəhrəman şəhidlərini belə dəfn etməsi, təntənəli mərasimlərin təşkili düşmən ölkəyə ikinci şoku yaşatmışdı. Erməni cəmiyyəti bir daha gördü ki, Azərbaycan xalqı Vətən torpağı uğrunda şəhid verməyi ölümsüzlük, qəhrəmanlıq hesab edir. Döyüşlərdən sonra bütün ölkə ictimaiyyəti və dövlət strukturlarının nümayəndələri cəbhə bölgəsinə və şəhid ailələrinə baş çəkməyi, onların problemlərini həll etməyi özləri üçün əsas vəzifə hesab edirlər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində şəhidlərin dəfn mərasimləri ən yüksək səviyyədə həyata keçirildi. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəhid ailələrinin üzvləri ilə görüşərək problemləri ilə maraqlandı, onların dövlətin diqqət mərkəzində olduqlarını diqqətə çatdırdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Xidmətin yüksək rütbəli zabitlərindən və hərbi vətənpərvərlik təbliğatı və veteranlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət qruplar şəhidlərin dəfn mərasimlərinə qatıldılar.
“Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu yenidən sübut etdi. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər şəhər və rayonlarımızda dalğalanacaq”, – deyə E.Həsənli qeyd edib.