Milli Şuranın Koordinasiya Mərkəzinin internetdə yayılan videokonfransında detallar var.
Boyukmillet.com-un xəbərinə görə, söhbət zamanı “Azadlıq” qəzetinin baş redaktoru, Avropada yaşayan Qənimət Zahid Azərbaycanda bir qrup müxalif şəxsin yeni təşkilat yaratdığı barədə məlumat verib.
O qeyd edir ki, bununla bağlı “WhatsApp” qrupu yaradılıb və orada müzakirələr gedir. Söhbətdən o da məlum olur ki, “Milli Şura”çılar yeni təşkilatın yaranmasından narahat olublar. Yəni hesab edirlər ki, yeni qurum Milli Şuranın zəifləməsi fonunda yaranmaqla boşluqdan istifadə etməyə çalışır.
Hətta Gültəkin Hacıbəyli bunu xüsusi aqressiya ilə “fürsətçilik” adlandırıb və bildirib ki, “onların məqsədi Əli Kərimli ilə bir masa arxasında oturmaqdır”. O hesab edir ki, həmin adamlar səmimi olsaydılar, gəlib Milli Şuraya qoşulardılar:
“Əli bəyin yoxluğunu doldurmaq üçün Milli Şuraya gəlmək lazımdır, başqa bir göbələk təşkilat yaratmağa ehtiyac yoxdur”.
Digər maraqlı məqam isə odur ki, bu barədə Q.Zahidə həmin qrupda təmsil olunan sabiq səfir Arif Məmmədov məlumat verib. Qənimət Zahidin dediyindən belə məlum olur ki, Arif Məmmədov onun həmin qrupdakı agentidir: “Arif Məmmədov mənə dünən axşam dedi ki, istəyirəm həmin oradan çıxam, mən isə dedim ki, bəy, hələ qalmağın məsləhətdir, qal görək söhbət nələrdən gedəcək”.