Əsgər Ailələrinə Dəstək İctimai Birliyi 1 iyun Uşaqları Müdafiə günü münasibəti ilə aprel şəhidlərinin, əlil və döyüşçülərin övladlarına əyləncə təşkil edib.
Boyukmillet.com cebhe.info istinadən xəbər verir ki, tədbirdə şəhid ailələri, müharibə əlilləri, veteranlar, QHT, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mətanət Əsgərqızı şəhidlərmizin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Sonra şəhidlərimizin ailələrini, övladlarını , aprel döyüşünün iştirakçılarını təqdim edərək minnətdarlığını bildirdi ki, vətənimiz, torpağımız uğrunda bu insanlar fədakarlıqlar göstəriblər. Qanlarını müqəddəs torpağa axıdıblar.
Məhz vətən qarşısında bu xidmətlərinə görə artıq bir ildir ki, Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihələrin 80%-i demək olar ki, vətənpərvərlik mövzusuna, qəhrəmanların təbliğ olunmasına həsr olunur.
Bu layihəni etimad göstərib maliyyələşdirdiyinə görə İctimai Birlik Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirilib. Şəhid və qazilərimizə “bir il ərzində sizin yanınızda olduq” deyən layihə rəhbəri bundan sonrada İctimai Birliyin fəaliyyətini bu istiqamətdə quracağını qeyd etdi. Şəhid ailələrindən Xəyal Bağırov, aprel döyüşlərinin iştirakçıları Nəzər Əbdürrəhmanov, Ülfət Həsənov, Natiq Mehdiyev, Hikmət Məmmədov çıxış edərək belə layihələrin gərəkliyini qeyd edərək, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin onları yad etdiyinə görə minnətdarlıqlarını bildirdilər. Daha sonra Həyat Şirkətlər qrupunun nümayəndələrinə, Pitsa Mamamiya fast-food Restoranının rəhbəri Ruslan Hacıyevə İctimai Birliyin diplomları təqdim edildi.
Tədbirdə içtirak edən uşaqlar vətənə və qəhrəmanlığa aid şeirlər və mahnılar oxuyublar. Uşaqlara kiçik hədiyyələr verilib. Müxtəlif əyləncələr oynayan uşaqların isə sevinci hədsiz idi. Daha sonra balacalar üçün konsert proqramı təşkil olunub.
Xatırladaq ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyi (ƏAD İB) Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə həyata keçirir.