Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov,Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini bugün ziyarət ediblər.Q. Paşayeva şəhid polkovnikin ailə üzvlərinə, onun və silahdaşlarının şəhid olmasından cəmi 4-5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu bildirib.
Onun öz həyatını vətən şərəfini, zabit şərəfini uca tutaraq yaşadığını, övladlarına əvəzsiz mənəvi miras qoyduğunu bildirib.Millət vəkili kimi öncəbhədə xidmət edən hərbçilərimizlə ardıcıl görüşlərindən xatirələr bölüşən Qənirə Paşayeva, Tovuzda düşmən hücumunun dəf edilməsi zamanı hərbçilərimizin necə yüksək ruhla, dönməzliklə irəli atıldığını, düşmənə sarsıdıcı zərbələr vurduğunu qürur hissi ilə danışıb. Q.Paşayeva məlumat verib ki, İlqar Mirzəyevin o cümlədən Tovuz istiqamətində qəhrəmanlıqla şəhid olan digər qardaşlarımızın həyat yolu ilə bağlı məqalələr və haqlarında xatirələr toplanmış kitabların nəşri planından xəbərdardır.
Millət vəkili gənc nəsillərimizin bu qəhrəman qardaşlarımızı daha geniş tanımasına xidmət edən layihələrə hər zaman dəstək olacağıq deyib. Millət vəkili Məşhur Məmmədov İlqar Mirzəyev və silahdaşlarının öz şəhidlikləri ilə milli birliyə, həmvətənlərimizin ümumdünya səviyyəsində həmrəyliyinə çox böyük xidmət göstərdiyini deyib. Hər iki Millət vəkili, şəhid polkovnikin övladlarının təhsilini davam etdirməklə bağlı arzuları, qayğıları ilə maraqlanıb.
Qeyd olunub ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin cənab Prezidentimizin və hörmətli Mehriban xanımın yüksək diqqətindədir və bizim hər birimizin də borcu, şəhid ailələrinə münasibətdə ali rəhbərlikdən örnək götürməkdir. Yazar Əkbər Qoşalı, şəhidin ailə üzvləri ürək sözlərini bölüşüb. Nur içində yatsın qəhrəman qardaşımız. Onu hər zaman sevgi və rəhmətlə anacağıq. Allah gözəl ailəsinə hər zaman yardımçı olsun!