Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Türk kimliyinin geosiyasi gücə çevrilməsindən ehtiyyat edirlər” – Adıgözəl Məmmədov

“Bu gün bizim müşahidə etdiyimiz odur ki, Türkiyənin Yaxın Şərqdə və Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri çox ciddi narahat edir… Bu gün Türkiyənin üzərində oynanılan oyunlar məhz bu məqsədə xidmət edir”. Bunu Moderator.az a açıqlamasında Araşdırmaçı-yazar, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri,Adıgözəl Məmmədov deyib. Türkiyənin mövqeyi ilə bağlı bir çox həssaas məsələlərə toxunan politoloq olduqca ilginc siyasi gedişlərin üstünü açıb. Həmin yazını olduğu kimi oxuculara təqdim edirik: “Həqiqətən də, “tarix təkərrür edər, əgər sən ondan ibrət götürməsən” deyən Mehmet Akif heç də yanılmayıb. Hazırkı Türkiyədə real durum bir daha onu göstərdi ki, bir cox siyasilərimiz bu ibrətamiz sözdən nəticə çıxarmalıyıq.


Birinci Dünya müharibəsinə Avropadan Yaxın Şərqədək böyük bir əraziyə malik dövlət kimi müharibəyə başlayan Osmanlı imperiyası onu Türkiyə olaraq başa çatdırdı. Bu “qeyri-türklər”lə məskunlaşmış bütün və hətta türklər məskunlaşan bəzi ərazilərin də itirilməsi demək idi. Üstəlik, müharibə başa çatdıqdan sonra hazırlanan məşhur Amerika planında V.Vilsona məxsus “14 bənd”də ilkin variantda Türkiyənin bir dövlət kimi varlığına son qoyulması da nəzərdə tutulmuşdu.


İlk əvvəl onlar düşünürdülər ki, imperiyanın (Osmanlı imperiyası nəzərdə tutulur – A.M.) varlığına son qoyub, onu ideokratik (burada: sultanlıq institutunun xilafəti-islami liderliyi ) əsasdan məhrum edib, yerində mədəni geosiyasi impotent əldə ediblər, bir sözlə, onu qazıq-qazıq ediblər.
Lakin burada anqlosakslar çox önəmli səhvə yol verirdilər: birincisi, onlar böyük dövlət xadimi Atatürk faktorunu, ikincisi, türk millətinin genoloji olaraq dövlət yaradan milli mental xüsusiyyətlərini nəzərə almamışdılar.
Ona görə də Versal konfransı Osmanlı imperiyasının 500 il ərzində mövcudluğu dövründə türk etnosunun və onun ərazi nüvəsinin formalaşdığını etiraf etməyə məcbur etdi, nəticədə, onun milli dövlətinin olmasını qəbul etmək zorunda qaldı.


Osmanlı Dövlətinin I Dünya müharibəsində uğradığı məğlubiyyətdən sonra toplanan Paris Sülh Konfransında düşmən tərəfin təmsilçisi olan və ermənilərə Osmanlı torpaqlarından pay verilməsi üçün çalışan, daha sonra Lozanna Sülh Konfransında “erməni haqlarını” gündəmə gətirən Poqos Nubar Paşanın (Qabriel Noradunkyan 1908-ci ilin avqust ayından ticarət naziri , 1912-1913 cü ilərdə Osmanlı imperiyasının xarici işlər naziri olmuşdu ) başçılıq etdiyi “Erməni Milli Heyəti”nin xəyanətkar missiyası unudulmamalıdır .


Maraqlıdır ki, bu mübarizədə Türkiyəyə ilk kömək əlini uzadan Sovet Rusiyası oldu, o Rusiya ki müharibəyə Antantanın üzvü kimi daxil olmuş, sonradan Almaniya ilə sülh müqaviləsi imzalayaraq savaşdan çıxmışdı. Təbii ki, keçmiş Antanta müttəfiqləri o zaman bir-birini düşməncəsinə qəbul edirdilər.


Əgər sovet Rusiyasına Türkiyə ilə yaxşı münasibətlər və Orta Şərqdə Türkiyə vasitəsi ilə stabilliyin pozulması lazım idisə, Türkiyəyə isə Rusiyadan konkret maliyyə, hərbi və “geosiyasi” kömək lazım idi ki, millli ərazilərini nəyin hesabına olur-olsun, bərpa etsin.
TBMM (Türkiyə Böyük Millət Məclisi)-nin ilk beynəlxalq siyasi aksiyası onun sədri Kamal Atatürkün Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik münasibətlərin qurulması və imperializmə qarşı birlikdə mübarizə aparmaqla bağlı çağırışı oldu. Sovet hökuməti Atatürkün müraciətinə müsbət cavab verdi və mübarizə aparan Türkiyə hökumətini ilk olaraq (1920-ci il, 2 iyun) tanıdı və türk xalqına böyük miqdarda pul (10 milyon rubldan çox qızıl pul) və xeyli miqdarda silah və hərbi sursat, rabitə vasitələri və sair ilə kömək etdi.
1921-ci il martın 16-da Moskvada RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalandı.


Bu müqaviləyə qədər (21 fevral –14 mart) Londonda Antantanı təmsil edən (Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Belçika və Yunanıstan) dövlətlərin keçmiş düşmən ölkələr Almaniya və Türkiyənin iştirakı ilə konfrans keçirilirdi. Orada iki məsələyə, Yaxın Şərq və reparasiya məsələlərinə baxılırdı. Fransa və İtaliyanın təşəbbüsü ilə yunan-türk müharibəsinin dayandırılması və Sevr müqaviləsinin şərtlərinə yenidən baxılması müzakirə olundu. Bu konfransda Türkiyəyə iki nümayəndə ilə – biri “qanuni” sultan hökuməti, digəri isə TBMM-dən olmaqla – təmsil olunmağa icazə verilmişdi.


TBMM de-fakto statusla qatılmışdı, ümumi nümayəndəliyə isə sultan hökumətinin böyük vəziri Tefik paşa rəhbərlik edirdi.
TBMM-nin Xarici İşlər Nazirliyi Q.Çiçerinə (Sovet Rusiyasının xarici işlər komissarı) bu məzmunda teleqram vurmuşdu: “29 və 31 yanvar teleqramlarımızla Biz Sizləri Tefik paşa ilə aramızda olan və xarici ölkələrin hökumətlərinə göndərdiyimiz teleqramların məzmunundan xəbərdar etmişik. Buna əlavə olaraq Sizə ərz etməyi özümüzə şərəf bilərək qeyd edirik ki, London konfransında TBMM hökumətini təmsil edəcək nümayəndəmiz Ankaradan çıxmaq üzrədir. Qəbul olunmuş adətlərə görə, Sizə və hamıya bildirmək istərdik ki, biz səmimi-qəlbdən sülh istəyirik. Bizim qanuni tələblərimiz bunlardan ibarətdir: 28 yanvar 1920-ci il təsis aktı ilə (siz onunla tanışsınız) təsbit olunmuş sərhədlər daxilində tam müstəqillik – həm siyasi, həm də iqtisadi – istəyirik. Gizli sövdələşmələr barədə gəzən şayiələr isə düşmənlərimizin bizlərə atdığı çamurdan başqa bir şey deyil. Hökumətimizin bu qərarı bizim 19 dekabr 1920-ci il notamızda bəyan etdiyimizlə üst-üstə düşür və hər iki ölkənin maraqlarını əks etdirir, bizim nümayəndələrin tələblərinə rədd cavabı verilsə, imperialist ölkələrin acgöz iştahı üzə çıxacaq, bu isə hərbi ruhumuzun daha da yüksəlməsinə gətirib çıxaracaq. Yox, əgər bizim addımımız uğurla nəticələnərsə, bu, bütün Şərq üçün sülh və əmin-amanlıq erasının başlanğıcını qoymuş olacaq. Bunun meyvələrindən isə bütün xalqlar, o cümlədən də ruslar bəhrələnəcəklər.

Düşünürük ki, gözlənilən danışıqlarda siyasətin rəhbər prinsiplərinə qeyd-şərtsiz sadiq qalacağımızı bir daha bəyan etməyə ehtiyac duyulmur, bütün bunlar bizi Sovet Rusiyasına təbii müttəfiqimiz kimi baxmağa təşviq edir və bu, elə belə də olacaq.


Bu, ümumi düşüncələrimizdir və sizin də qeyd etdiyiniz kimi, qarşılıqlı inamın qorunub saxlanılması üçün o, çox faydalıdır. Və hər iki tərəfdən səmimiyyətə əsaslanır. Bundan çıxış edərək Sizdən xahiş edirik ki, Krasinlə Londondan qayıtdıqdan sonra aparılan danışıqlarımızla bağlı, xüsusilə də Şərqlə əlaqədar müşavirənin nəticələri barədə tezliklə bizə məlumat verəsiniz. Cənab komissara sayğı və hörmətlərlə. Xarici işlər komissarı Bəkir Sami” (İsvestiya. 13 fevral 1921-ci il. №32 (1175)) .
Türkiyəni təmsil edən ümumi nümayəndə heyəti 1921-ci il fevralın 25-də London konfransında aşağıdakı tələbləri irəli sürdü: 1) Türkiyəni 1913-cü il sərhədlərində (ərəb dövlətləri daxil edilmədən) bərpa etmək, 2) Boğazlar üzərində Türkiyənin təhlükəsiliyi və suverenliyini təmin etmək, 3) müdafiəsini təmin etməyə yetən qədər Türkiyəyə hərbi-dəniz qüvvələri saxlamağa icazə vermək, 4) kapitulyasiya rejimini ləğv etmək.
Fransız və italyan nümayəndələri Sevr müqaviləsinə qarşı çıxırdılar, lakin bunu türklərin gözlədiklərinə rəğmən, bir qədər yumşaq şəkildə edirdilər. Əslində, fransızlar və italyanlar İngiltərədən ayrılıqda kamalçılarla müqavilə bağlamağa can atırdılar. Bununla da onlar Türkiyəni Sovet Rusiyasından aralamağa çalışırdılar. Bu problematikanı öyrənən tarixçilər konfrans zamanı müxtəlif diplomatik intriqaların baş verdiyini yazıblar. Məsələn, Böyük Britaniyanın baş naziri Lloyd Corc Türkiyə nümayəndə heyətinin rəhbəri Bəkir Sami bəylə söhbətində ona “Zaqafqaziyanı Bakı nefti ilə birlikdə Türkiyənin protektoratlığı altına almağı” təklif etmişdi. Bu danışıqlar qeydə alınmış və sonradan ingilis mətbuatına ötürülmüşdü, dərc olunduqdan sonra ondan Kreml xəbərdar olmuşdu.


Vəziyyəti gərginləşdirən daha bir səbəb Londona iki erməni nümayəndə heyətinin gəlməsi idi. Bu nümayəndə heyətlərindən birinə Ermənistan Respublikası tərəfindən Sevr müqaviləsini imzalamış Avetis Aqaronyan, digərinə isə qondarma erməni diasporunun ictimai-siyasi dairələrini təmsil edən Poqos Nubar (Qabriel Noradunkyan ) başçılıq edirdi. Onlar Antantaya daxil olan gücləri Sevr müqaviləsinin Qərbi Ermənistana dair maddələrini yerinə yetirməyə inandırmağa çalışır və ermənilərə Fransanın nüfuz dairəsinə daxil olan Kilikiyada “adminstrativ muxtariyyət” qoparmağa səy göstərirdilər.

Lakin London konfransında ermənilərlə bağlı qeyri-müəyyən qərar – Türkiyənin şərq vilayətləri çərçivəsində “milli ocaq” qurmaq qərarı qəbul edildi. Əgər Avetis Aqaronyan Ermənistan Respublikası adından Türkiyə ilə sərhədlərə dair yeni müqaviləyə imza atsaydı, onda “erməni problemi” hüquqi cəhətdən Moskvanın nəzarətindən çıxa bilərdi. Kremldən ehtiyat edən Aqaronyan belə bir sövdələşməyə getmədi. Elə bu şərait hadisələrin gələcək inkişafını da müəyyən etdi.
Moskvada isə türk nümayəndə heyəti Kreml qarşısında Türkiyə ilə Ermənistan arasında 1920-ci il avqustun 10-da imzalanmış Aleksandropol müqaviləsinin şərtlərini tanımaq tələbini qoydu.


Bununla əlaqədar Stalin Q.Çiçerinə (6 mart 1921-ci il) yazırdı: “Xahişinizlə əlaqədar sizə RSFSR tərəfindən hansı güzəştlərə gedilə biləcəyini mənim adımdan türk nümayəndələrinə çatdırmağınızı istərdim.


1. Batumi dairəsinin böyük hissəsi RSFSR-də qalır. Artvin və Ərdahan Türkiyəyə verilir və RSFSR ilə Türkiyə arasında yeni sərhəd təqribən Liman-Borçxa-Çorox çayı ilə İmerxevi çayı xətti üzrə keçir. Bu, təxmini xəttdir, dəqiq sərhədlər isə yaradılacaq komissiya tərəfindən müəyyən ediləcək.


2. Hərbçilər Ərdahanı Türkiyəyə güzəştə getməyə razı deyillər, oranı Tiflisin açarı hesab edirlər. Lakin mən (Stalin) hərbçiləri güzəştə getməyə məcbur edəcəyimə əminəm və RSFSR ilə Türkiyə arasında sərhəddin köhnə xətt üzrə, yəni, Qars vilayəti ilə Tiflis quberniyası arasından keçməklə müəyyən olunmasını istəyirəm, burada birinci bənddə qeyd etdiyim dəqiq sərhədlər məsələsini bir daha xatırladıram. Aleksandropol Türkiyə tərəfindən boşaldılmalıdır, özü də bütün dəmiryolu boyunca…


3. Naxçıvan məsələsinə gəldikdə, bu barədə son sözü Azərbaycanın nümayəndəsi deyəcək”.Ən nəhayət, Türkiyə ilə Zaqafqaziya respublikaları arasında 13 oktyabr 1921-ci ildə bağlanmış həm Moskva, həm də Qars müqavilələrini bir tərəfdən Türkiyə, digər tərəfdən isə Azərbaycan, Gürcüstan və Ermənistan SSR imzalayır.


Bu çoxtərəfli müqavilə Sovet Rusiyası nümayəndələrinin iştirakı ilə imzalanır və faktiki olaraq, 1921-ci ilin martında Moskvada bağlanmış rus-türk müqaviləsini əks etdirirdi. Sovet Ermənistanı tərəfindən bu müqaviləni xarici işlər naziri Askanaz Mravyan və daxili işlər naziri Poqos Makinzyan imzalayır.

Müqavilə imzalandıqdan bir il sonra üç Zaqafqaziya respublikası həmin müqaviləni ratifikasiya etdi və ratifikasiya olunan sənəd İrəvanda Türkiyə tərəfinə təqdim olundu. Bu sənədlə faktiki olaraq indiki, hazırda mövcud olan erməni-türk sərhədləri müəyyən olundu. Bu iki ölkə arasında münasibətləri tənzimləyən yeganə bu sənəddir. Onun əsasında sonralar erməni-türk sərhədlərində içməli və suvarılan suyun dan istifadə barədə erməni-türk memorandumu da imzalanır. Və bu gün də müasir Ermənistan ərazisi məhz bu sənədlərə uyğun çərçivələnir və tanınır.


Amma dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək. Bizim region əsasən slavyan və türk etnoslarının bir-biri ilə çulğaşdığı coğrafiyadır.

Nəzərə alsaq ki, Qafqaz, İran, Orta və Kiçik Asiyanın, eləcə də Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda slavyan-türk xalqları arasında əlaqələri öyrənməyin nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar.Sovet İttifaqı dağıldıqdan sonra 5 müstəqil türkdilli dövlət yarandı (Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Azərbaycan).

Türkiyə Respublikası bütün türk ölkələri ilə diplomatik əlaqələr quran ilk dövlət oldu. Türk kimliyinin  bölgədə, o cümlədən də dünyada geosiyasi gücə çevrilməsindən çox ehtiyat edirlər. Bunun üçün bizdə hər cür rıçaqlar mövcuddur. 


Ona görə də bütün bunları bizə düşmən kəsilmiş ölkələr də anlayır və bilirlər. Hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında özünü göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …