Mehmet Akarca: “Avropanın ayırdığı 4 milyard dollar Türkiyəyə gəlib çatmadı; bu qədər ağır yükün tək Türkiyənin üzərinə qoyulmamasını və dünyanın bu yükü paylaşmasını arzu edirik”
Türkiyə paytaxtında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 1 milyon insanın qaçqın düşməsindən də danışıldı
Türkiyədə səfərdə olan dünyanın 32-yə yaxın ölkəsinin 64-dək jurnalisti, o cümlədən Azərbaycandan olan bir qrup media mənsubu bu gün Ankarada Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsində (BYEGM) olublar.
Qurumun Baş katibi Mehmet Akarça jurnalistləri ofisin qarşısında səmimi salamladıqdan sonra görüş topantı zalında davam etdi.
Baş katib çıxışı zamanı böyük jurnalist heyətinin Türkiyəyə səfərini yüksək qiymətləndirdi: “Sizin gəlişiniz bizim üçün çox önəmlidir. Bu günün həm də ona görə önəmi var ki, bizim ofisin açılışından sonra ilk toplantımızı sizlərlə keçiririk. Qəzetçi qardaşlarımızla bir araya gəlməyimiz bizimçün böyük şərəflidir. Mən özüm də 45 ildir qəzetçilik fəaliyyəti ilə məşğulam. Braziliya, Meksika, Peru, Azərbaycan, İtaliya, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Boliviya və digər ölkələrdən qəzetçi dostlarımızın burada olması bizi xeyli məmnun edir”.
Ardınca M.Akarça Türkiyənin üzləşdiyi problemlərlə bağlı danışdı: “Ölkəmiz son 30 ildir ki, PKK terroruna qarşı mübarizə aparır. Ondan sonra başımıza İŞİD bəlası çıxdı. Bunlarla mübarizə aparırkən ötən ilin 15 iyulunda FETÖ adlı, özlərini dindar göstərən, əslində vətən xaini olan terrorçuların çevriliş cəhdinin şahidi olduq. Elə toplantının keçirildiyi bu salonda FETÖ-çu terrorçuların xalqa qarşı cinyaətlərini əks etdirən tablolar var. O qanlı hadisələr zamanı 250 nəfər vətəndaşımız həlak oldu. FETÖ-çular prezidentimizi, baş nazirimizi öldürməyə cəhd etdilər”.
Baş katib Suriya savaşının davam etdiyi dönəmdə Türkiyənin qaçqın problemi ilə üz-üzə qaldığı barədə media nümayəndələrinə ətarflı məlumat verdi: “Bu qədər ağır şərtlər altında ölkəmizdə 3,5 milyon qaçqın var. Onlar bizim qonaqlarımızdır. Türkiyə bütün imkanlarını sərf edərək bu insanların onların normal yaşamını təmin etməyə çalışır. Bu günə qədər qaçqınlara 25 milyard dollar civarında maliyyə sərf olunub. Bu qədər ağır yükün tək Türkiyənin üzərinə qoyulmamasını və dünyanın bu yükü paylaşmasını arzu edirik. Elə qaçqınlarla görüşdüyünüz zaman bu istəyin də qədər haqlı olduğunun özünüz də şahidi olacaqsınız. Bütün dünyanın barış içində yaşaması, dostcasına qucaq açması bizim ən böyük istəyimizdir”.
Türkiyənin dünyada çoxsaylı dostlarının olduğunu deyən baş katib prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” sözlərini xatırlatmaqla Türkiyəyə qarşı çıxanlara mesaj verdi. Bildirdi ki, bəzi liderlər bir qaçqın uşaqla foto çəkdirəndə bütün dünyaya xəbərlər yayılır: “Amma bizim prezidentimiz 3,5 milyon qaçqına sahib çıxıb, amma dünya görməzdən gəlir. Avropanın ayırdığı 4 milyard dollar Türkiyəyə gəlib çatmadı”.
“Yeni Müsavat”ın əməkdaşı dünya ölkələrindən gəlmiş çoxsaylı media mənsublarının iştirakından istifadə edərək qaçqın-köçkün probleminin Ermənistanın təcavüzkar siyasətindən on illərdir əziyyət çəkən Azərbaycana tanış olduğunu, 1 milyondan çox qaçqın və köçkünün hələ də dünyanın ikili standartları səbəbindən öz yurdlarına dönə bilmədiklərini nəzərə çatdırdı, həmçinin bu prosesdə ədalətli mövqeyinə görə Türkiyə dövlətinə azərbaycanlı media mənsubları adından təşəkkürünü bildirdi. Eyni zamanda Türkiyə prezidentinin Avropaya ünvanlı “qaçqınların önünü aça bilərik” mesajını xatırladıb, Avropanın vəd verdiyi dəstək olmazsa, Avropanın sayğısız münasibəti davam edərsə, Türkiyənin qaçqınlara “buyurun, önünüzü açırıq, Avropaya gedə bilərsiniz” deyə bilərmi, yoxsa dövlər onlara vətəndaşlıq verəcək” soruşdu.
Baş katib də öz növbəsində çıxışı zamanı Azərbaycan torpaqlarının işğal altında olmasını xüsusi vurğuladı: “Azərbaycandan gəlmiş qəzetçi qardaşımızın da dediyi kimi, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlı yerindən-yurdundan didərgin düşüb. Həmçinin Suriyada və İraqda savaş yaşanır. Suriyadan 3,5 milyon insan Türkiyəyə sığınıb. Evindən-yurdundan qovulmaq, qaçmaq məcburiyyəti qarşısında qalmaq çox ağır hadisədir. Türkiyəyə sığınan insanlar burada istədikləri müddətdə qala bilərlər. Türkiyədə qalmaq istərlərsə, Türkiyədə qalacaqlar. Evlərinə dönmək istərlərsə, yenə seçim onlarındır. Amma bir başqa ölkəyə getmək istərlərsə, Türkiyə demokratik ölkə kimi kimsəyə mane olmaz”.
M.Akarça Türkiyəyə qarşı 15 iyul xain hücuma dünyanın laqeyd qalmasına da diqqət çəkdi: “Biz TBMM-in bombalanması zamanı qırılıb düşən mərmər parçalarını 4 min parçaya bölüb dünyanın dörd bir yanına yolladıq ki, həqiqətlərdən xəbərdar olsunlar. Hətta eyni zamanda “bu daş Məclisdən düşən mərmər parçasıdır” raportunu da göndərdik. Amma təəssüf ki, yenə də dünya görməzdən gəldi”. Baş katib dünya medaisının bir sıra nümayəndərləindən də narazılıq etdi. Dedi ki, hətta Türkiyəyə dəvət olunmasına, hər cür diqqət və qayğı ilə əhatə olunmasına, zərərçəkənlərlə görüşlər üçün hər cür şərait yaradılmasına baxmayaraq, bir çox media mənsubları geri dönəndən sonra FETÖ-çuların cinayətlərini görməzdən gəliblər. Sonda baş katib Türkiyə parlamentindən qopmuş bir mərmər parçasını Boliviyadan gəlmiş xanıma hədiyyə etdi.
Elşad PAŞASOY,
Ankara