Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qondarma “DQR”in rəhbərinin “Şuşa təxribatı” cavabsız qala bilməz

Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan “prezident” iqamətgahının Şuşaya köçürülə biləcəyini bəyan edib. Bu haqda erməni nəşrləri məlumat yayıb. Qondarma rejimin qanunsuz  “qanunverici orqanı”nın və “hökumət” nümayəndələrinin iştirakı ilə keçirilmiş növbədənkənar iclasında çıxış edən A.Arutyunyan mayın 9-dakı andiçmə mərasimi zamanı qondarma  “parlament”in Şuşa şəhərinə köçürülməsi barədə verdiyi təklifin 2022-ci ilə qədər nəzərdən keçiriləcəyi və icra ediləcəyini bildirib. Separatçı başçı qanunsuz “prezident” iqamətgahının da Xankəndidən Şuşaya köçürülə biləcəyini vurğulayıb.

Ermənistan KİV-ində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndidən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Şuşa Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir:

“Onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik. Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi. Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inauqurasiya” şousu təşkil etmişdi. Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır. Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək. Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcəkdir”.

  • Samir Adıgözəlli:“Buna beynəlxalq reaksiyanın olmaması o anlama gəlir ki, erməniləri başa salmağın yeganə yolu müharibədir”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu provokasiyanın arxasında birbaşa Ermənistan durur:“Bu səbəbdən də, separatçılar adından yayılan bu bəyanatı Ermənistanın istəyi kontekstindən dəyərləndirmək lazımdır. Ermənistanın bu addımı Qarabağ probleminin sülh yolu ilə həllinə vurulan ciddi bir zərbədir və bir daha rəsmi İrəvanın problemin diplomatik yolla həllində maraqlı olmadığını göstərir. Belə provokasiyalar çox olub. Separatçı rejimin yeni “rəhbəri” bir neçə ay əvvəl öz saxta “andıçməsini” Şuşada keçirməklə heç bir beynəlxalq qanuna, nizamlanma prosesinin gedişinə məhəl qoymadıqlarını göstərdi. Belə addımlara ilkin olaraq reaksiyanı ATƏT-in Minsk Qrupu verməliydi.  Onların isə səsi çıxmadı və çıxmayacaq. Çünki həmin təsisatda təmsil olunan ölkələrdən biri olan Rusiya Ermənistana açıq silah dəstəyi göstərir. Belə  olan halda bunlardan hansı obyektivliyi gözləmək olar? Azərbaycan Ermənistanın bu niyyətilə bağlı ciddi tədbirlər görməlidir. Belə addım atılmasına qətiyyən yol vermək olmaz. Buna beynəlxalq reaksiyanın olmaması o anlama gəlir ki, erməniləri başa salmağın yeganə yolu müharibədir. Azərbaycan məhz bu və digər səbəblərə görə Minsk Qrupunun həmsədrliyi formatındakı vasitəçilikdən imtina etməlidir”.

Bu artıq erməni harınlığının sonu sayılmalıdır. Bununla onlar bütün sülh danışıqlarına əməl etməyəcəkləri ilə bağlı meydan oxuyurlar. Azərbaycan isı onları yerində oturtmağa qadirdir.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …