Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “…qeyri-ixtiyari olaraq, icra hakimiyyətlərinin bütün fəaliyyəti ictimai nəzarət altında olacaq”

Məlum olduğu kimi, son bir ayda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bir neçə dəfə ölkəmizdə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşüb. Sentyabrın 17-də isə H.Hacıyev növbəti görüşünü keçirib. Bu dəfə Prezident köməkçisinin görüşü QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə baş tutub.

Baki-xeber.com xəbər verir ki, H.Hacıyev ölkə Prezidentinin çağırışına uyğun olaraq, QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. H.Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.

H.Hacıyev QHT-lərlə növbəti görüşdə bildirib ki, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində QHT-lərin rolunu daha da artırmaq lazımdır və bunun üçün mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Bu mexanizmi necə təkmilləşdirmək olar?

Görüşdə iştirak edən İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəllinin sözlərinə görə, o, Prezidentin köməkçisi H.Hacıyevin QHT-lərlə görüşünü müsbət qiymətləndirir. “Bu baxımdan ki, QHT-lərin, vətəndaş cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi bu təşkilatların cəmiyyətdə rolunu artırır. Bu ən əsası da, cənab Prezident də dəfələrlə vurğuladığı kimi, cəmiyyətdə baş verən proseslərdə ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin bu prosesə qoşulması təqdirəlayiqdir. Qeyd etdiyim kimi, cənab Prezident son iki ildə keçirilən müşavirələrdə korrupsiya, rüşvətxorluq, məmur özbaşnalığı ilə bağlı mübarizədə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın qorunmasında ictimai nəzarətin gücləndirilməsini, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakının vacibliyini xüsusi qeyd edib. Keçirilən görüşdə də Prezidentin köməkçisi H.Hacıyev bu istiqamətdə fikirlərini bildirdi. Yəni hiss olunmaqdadır ki, ölkəmiz, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və sair həyatı artıq yeni bir mərhələyə qədəm qoyur. Ən əsası, ölkədə aparılan islahatlar ictimai mühitin daha da şəffaflaşmasını, bu proseslərin genişləndirilməsini diqtə edir. Bu gün əgər biz islahatların davamlılığını istəyiriksə, korrupsiya ilə məşğul olan, dövlət büdcəsini talayan qüvvələrin, eləcə də yerlərdə icra strukturları tərəfindən edilən özbaşnalıqların qarşısını tam şəkildə almaq istəyiriksə, ictimai mühitin daha da sağlamlaşdırılması vacibdir. Vətəndaş cəmiyyətinin fəaliyyətinə geniş şərait yaradılmalıdır. Bu, bütün dünyada belədir. Əgər vətəndaş cəmiyyətinin, QHT sektorunun fəaliyyəti dövlət qurumlarının, başlıcası isə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının ictimai şuralarında gerçəkdən təmin olunarsa, qeyri-ixtiyari olaraq, icra hakimiyyətlərinin bütün fəaliyyəti ictimai nəzarət altında olacaq. Bu da büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunması, büdcəyə ictimai nəzarətin həyata keçirilməsi, dövlət layihələrində şəffaflığa nail olunması baxımından çox faydalı bir mühit yaradacaq”.

S.Adıgözəlli vurğuladı ki, ictimai nəzarətin bu şəkildə təşkili çox mühümdür. Görüşdə qaldırılan məsələlərin təkcə ictimai nəzarətlə bağlı olmadığını deyən S.Adıgözəlli hesab edir ki, burada, eyni zamanda, vətəndaş cəmiyyətində təcrübə qazanan insanlara sabah üçün ölkənin kadr bazası kimi yanaşılmalıdır. “Vətəndaş cəmiyyəti institutlarına, QHT-lərə bir beyin mərkəzi kimi baxmaq lazımdır. Bütövlükdə, ölkənin milli maraqlarının, strateji maraqlarının beynəlxalq aləmdə qorunmasında rol oynayan qurumlar kimi yanaşılmalıdır. Həmin görüşdə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasındakı əməkdaşlığın bir sıra tərəfləri də müzakirə olundu. İctimai nəzarət mexanizminin hazırlanması məsələsindən danışılarkən burada söhbət yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında ictimai şuraların yaradılmasından, QHT-lərin bu prosesə aktiv cəlb olunmasından gedir” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …