Azərbaycan ordusunun 23 gündür həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı igid əsgərlərimiz tarix yazır. Hərbçilərimiz hər an ölümlə üz-üzə gəlsələr də, onlar nəinki ruh yüksəkliyi ilə döyüşür, hətta gülmək üçün də səbəblər tapır. Əsgərlərimizdən birinin dilindən sosial şəbəkədə yayılan əhvalat da bunu deməyə əsas verir:
“Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir.
Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, buradan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik.
Dedim son dəfə evdəkilərdən danışım, səslərini eşidim. Nə isə yoldaşlardan “prostoy” telefonu alıb evi yığdım.
Telefon da diktofondadır, hamı eşidir. Mamam götürdü. Dedim “Mama, necəsən? Çox danışa bilməyəcəm. Nigaran olma hər şey yaxşıdır. Haqqını halal elə. Məndən də hamıya salam de”.
Mamam da qayıdıb deyəsən ki, “ölüb zad eləmə. Gültəkinin qızını alacam sənə. Papan papası ilə söz kəsib. Ayıfdı. Üzü qara eləmə bizi”.
Dedim mama, Gültəkin kimdir?
Başladı danışmağa ki, “bəs sən uşaq olanda qonşuluqda Bəxtiyar əmi var idi ee ailəlikcə Dağıstana köçmüşdülər haa, bax onların qızı”.
Dedim yaxşı, mama oldu, sağ ol. Telefonu “adboy” verəndən sonra Bəxtiyarla Gültəkini söyə-söyə erməniləri qırmışam.
Dedim bu Gültəkini görmədən mənə ölüm yoxdu eee.
İndi uşaqlarla aramızda “tema” olub.
Hücumun adı qaldı “Gültəkin əməliyyatı””