Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yaponiyada Ermənistanın hərbi təxribatları ilə bağlı brifinq keçirilib

Bu gün Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Türkiyənin Yaponiyadakı səfiri Həsən Murat Mərcan Tokioda yerləşən Yaponiya Xarici Müxbirlər Klubunda (FCCJ) birgə mətbuat konfransı keçiriblər.

 Boyukmillet.com xəbər verir ki, mətbuat konfransında Yaponiyanın və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mətbuat konfransı, həmçinin FCCJ-nin yutub və feysbuk internet kanallarında canlı olaraq yayımlanıb.

Mətbuat konfransında əsas məruzəçi qismində çıxış edən Azərbaycan səfiri Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırkı vəziyyət mövzusunda ətraflı məlumat verib. Azərbaycanlı diplomat ilkin olaraq tədbir iştirakçılarına 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini nümayiş etdirərək keçmiş Sovet İttifaqı tərəfindən ölkəmizin tarixi ərazisi olan Zəngəzurun və digər ərazilərin Ermənistana verildiyini xatırladıb. Vurğulayıb ki, bununla da Naxçıvan Azərbaycandan ayrı salınıb. 1920-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin əhalisinin təqribən yarısının azərbaycanlılardan ibarət olduğunu xatırladan səfir keçmiş Sovet İttifaqı dövründə onların Ermənistandan tədricən köçürüldüyünü və qovulduğunu qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan G.İsmayılzadə 1988-ci il, 1992-1994-cü illər ilə bağlı faktlar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında geniş məlumat verib. Bu xüsusda ermənilərin törətdiyi Xocalı soyqırımını xatırladıb.

Vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələr Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 27 ildir ki, bu qətnamələrin tələbi yerinə yetirilmir. 1993-cü ildə qətnamələr qəbul edilərkən Yaponiya da BMT TŞ-nin qeyri-daimi üzvü olub. Ermənistan beynəlxalq hüququn normalarına və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə riayət etməyib. BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi üçün dünya dövlətləri, o cümlədən Yaponiya tərəfindən təzyiq göstərilmədiyinə görə Ermənistan özünü cəzasız hiss edir və yeni təxribatlar törədir.

Səfir ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə arasında münaqişənin həlli istiqamətində fəaliyyəti, Madrid prinsipləri haqqında da ətraflı məlumat verib.

Diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bu ölkənin Azərbaycana qarşı daha aqressiv və təxribatçı siyasət apardığını konkret faktlarla diqqətə çatdırıb. 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribatı haqqında geniş məlumat verib. Bildirib ki, həmin təxribatın məqsədi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft və qaz boru xətlərinə zərər vurmaq olub.

Ermənistanın son təxribatlarına toxunan səfir bildirib ki, cari il sentyabrın 27-də işğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutub. Vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində həlak olanlar və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Diplomat bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Səfir qeyd edib ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində oktyabrın 10-da saat 12:00-dan etibarən humanitar atəşkəs barədə razılığının əldə olunmasına baxmayaraq, Ermənistan bu razılığı kobud şəkildə pozmaqda davam edib. Humanitar atəşkəsin elan edilməsindən qısa zaman sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarını artilleriya atəşinə tutub. Oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 10 mülki şəxs, o cümlədən azyaşlı uşaqlar və qadınlar həlak olub, 41 nəfər isə ağır yaralanıb.

Oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sıx məskunlaşmış yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutduğunu qeyd edən səfir Tərtər rayonunda dəfn mərasimi zamanı qəbiristanlığın atəşə tutulması nəticəsində 4 mülki şəxsin həlak olduğunu, 5 nəfərin isə ciddi xəsarət aldığını söyləyib. Qeyd edib ki, məqsədli şəkildə azərbaycanlı mülki şəxsləri hədəfə alaraq, dinc insanların qətl edilməsi halı olan bu akt Ermənistanın törətdiyi növbəti barbarlıqdır və insanlıq əleyhinə cinayətidir.

Bundan əlavə, səfir oktyabrın 17-də də gecə saatlarında Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğunu və sayca üçüncü dəhşətli hücumun çox sayda mülki insanların itkisinə səbəb olduğunu qeyd edib. Bildirib ki, bu hücum nəticəsində daha 13 nəfər, o cümlədən 2 uşaq həlak olub, 50-dən çox sakin ciddi yaralanıb. Səfir vurğulayıb ki, Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalı, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Azərbaycanın bir daha xoş niyyət nümayiş etdirərək, humanizm prinsipləri əsasında oktyabrın 18-də növbəti humanitar atəşkəsə razılıq verdiyini xatırladan səfir bu dəfə də Ermənistan silahlı qüvvələrinin razılıq elan olunduqdan dərhal sonra Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də bu rayonun işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutduğunu qeyd edib. Həmçinin, iki dövlətin sərhədində yerləşən Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirib.

G.İsmayılzadə Ermənistanın bu təcavüzkar və terrorçu əməllərinin, dünya dövlətləri, o cümlədən Yaponiya tərəfindən də qətiyyətlə pislənilməsinin zəruri olduğunu söyləyib və beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Səfir vurğulayıb ki, döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon azərbaycanlı məcburi köçkün və qaçqına çevrilib. Məhz Azərbaycan mütəmadi olaraq Ermənistan tərəfindən təcavüz və təxribatlara məruz qalır və buna görə də öz torpaqlarını düşmən işğalından azad etmək üçün beynəlxalq hüquq və prinsiplər əsasında tam hüquqa malikdir. Səfir bildirib ki, istənilən dövlət tərəfindən verilən bəyanatda Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək, işğalçı Ermənistanın pislənməsi vacib məsələdir.

Təqdimatın sonunda G.İsmayılzadə Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad olunmuş ərazilərinin xəritəsini iştirakçılara təqdim edib.

Sonra G.İsmayılzadə və M.Mərcan jurnalistlərin suallarını cavablandırıblar.

Yapon jurnalistin Ermənistanın Azərbaycana qarşı son təxribatının dünyada COVID-19 pandemiyası ilə bağlı gərgin vəziyyət yaşandığı bir vaxta təsadüf etməsi barədə sualını cavablandıran G.İsmayılzadə bildirib ki, Ermənistan ordusunun bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Ermənistanın cinayətkar rəhbərliyi cəbhədə vəziyyəti gərginləşdirmək və təxribatlar törətmək yolu ilə Ermənistan əhalisinin diqqətini daxili problemlərdən, ölkənin acınacaqlı vəziyyətindən, COVID-19 ilə bağlı yaranmış fəlakətdən yayındırmaq məqsədini güdür.

Türkiyənin Azərbaycana hərbi yardımı, hərbi əməliyyatlarda iştirakı ilə bağlı sualı cavablandıran səfir M.Mercan ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq bildirib ki, Türkiyənin Azərbaycan ilə çox sıx əlaqələri var, lakin Türkiyə münaqişə tərəfi deyil və döyüş meydanında heç bir zaman iştirak etməyib və etməyəcək. Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərir, münaqişənin beynəlxalq prinsiplər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Buna görə də Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə dair məlumatları bütün dünyaya çatdırmağa davam edəcək. Türkiyəli səfir qeyd edib ki, Azərbaycanın Türkiyə ilə yanaşı, müdafiə sahəsində Rusiya, İsrail və digər dövlətlərlə də sıx əməkdaşlığı mövcuddur, lakin bu, o demək deyil ki, onlar Azərbaycan tərəfində hərbi əməliyyatlarda iştirak edirlər.

Həmin sualı cavablandıran G.İsmayılzadə isə əlavə edib ki, Azərbaycanın 100 minlik, yüksək hazırlıqlı və qabaqcıl texnologiyalara malik ordusu var, bu ordu dünyanın ən güclü 50 ordusu sırasındadır. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək üçün heç bir xarici yardıma ehtiyac duymur.

Mətbuat konfransında səslənən digər sualları cavablandıran G.İsmayılzadə bildirib ki, Azərbaycan günü bu gün atəşkəsə və danışıqlara razılığını verməyə hazırdır, lakin bunun üçün Ermənistan işğalçı ordusunun Azərbaycan torpaqlarından çıxarılması planı təqdim olunmalı və buna tam zəmanət verilməlidir. Həmçinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlardan qovulmuş azərbaycanlı məcburi köçkünlər doğma evlərinə qayıtmalıdırlar.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …