Oktyabrın 22-də BBC radiosunun rus xidmətinin saytında Marina Katayevanın Xankəndidən hazırladığı məqalə dərc olunub.
Məqalənin əvvəlində deyilir: “BBC-nin rus xidmətinin komandası elan olunmuş atəşkəs şəraitində insanların necə yaşadıqlarını öyrənmək üçün Dağlıq Qarabağın paytaxtına qayıdıb”. Jurnalist Dağlıq Qarabağın erməni əhalisinin ağır müharibə şəraitində çəkdiyi əzabları təsvir edir. Sonra isə yerli Ombudsman Artak Beqləryanın işindən yazır.
Məqalədə Beqləryanın azərbaycanlı hərbi əsirlərə göstərdiyi qayğıdan da bəhs olunur:
“Beqləryan azərbaycanlı hərbi əsirlər barədə də bilir və hətta onlardan birinə xəstəxanada baş çəkib. Dediyinə görə, Ombudsman həmçinin ölüxanaya da gedir ki, öldürülən azərbaycanlı hərbi əsirlərə ölümdən əvvəl işgəncə verilmədiyinə əmin olsun”.
Ombudsman Beqləryanın belə gözlənilməz etirafı, əlbəttə, diqqətdən yayına bilməzdi. Девичья башня teleqram-kanalı sual verir: bu, nədir: BBC rus xidmətinin müəlliflərinin rus dilini pis bilməsinin nəticəsidir, yoxsa ermənilərin azərbaycanlı hərbi əsirləri qətlə yetirdiklərinin Ombudsman tərəfindən şəxsən təsdiqlənməsidir?
Hərbi əsirlərə qarşı cinayətlər insan haqlarının kobud şəkildə pozulmasıdır və müharibənin hazırkı mərhələsində medianın ən mühüm mövzularından biridir. Hesab edirik ki, Azərbaycanın müvafiq orqanları vəziyyəti araşdırmaq tələbi ilə, ən azı, BBC qarşısında ciddi məsələ qaldırmalıdırlar.