Müxbirin “Qarabağ Sizin üçün niyə belə qiymətlidir”sualına Azərbaycan Prezidenti yüksək hazırcavablıqla belə dedi: “Elzas və Lotaringiya sizin üçün nədirsə Dağlıq Qarabağ da bizim üçün odur”.
Prezidentin sərrast cavabının “Qarabağ milli qürur məsələmizdir” hissəsini müxbirin Qərb elitasına xas “utilitar düşüncəsinə”, yəni “faydalı olan lazım olan şeydir, faydasız olan lazımsızdır” kimi mənfəətpərəstliyinə tutarlı zərbə sayaraq cavabın tarix hissəsinə baxaq.
Prezidentin tarix bilgilərinə həqiqətən valeh oldum. Bu cavab üçün o əvvəldən hazırlaşmamışdı. Haradan bilirdi ki, müxbir belə bir nataraz sual verəcək.
Prezidentin cavabında böyük bir tarix var, həm də alman xalqının hələ də həssas və ağrılı yanaşdığı bir tarix var. Müxbir demək istədi ki, Qarabağ nəyinizə lazımdır? Prezident isə ona eyham vurdu ki, bəs Elzas və Lotaringiya sizin nəyinizə lazım idi ki, onun üçün az qala min il qan tökdünüz?!
Tarixi arayış… Bu gün Fransanın tərkibində olan Elzas və Lotaringiya 10-cu əsrdən alman xalqının Müqəddəs Roma imperiyasının tərkibində olub. 1648-ci ildə başa çatmış 30 illik müharibədən sonra Vestfaliya sülhü əsasında Fransaya verildi. Qisas hissi ilə yanan almanlar 1870-1871-ci illər Prussiya-Fransa müharibəsi nəticəsində Bismarkın böyük xidmətləri sayəsində bu əraziləri Almaniya imperiyasına anneksiya etdi. Fransızlar barışa bilmədi və 1-ci dünya müharibəsindən sonra Elzas və Lotaringiya yenidən Fransaya qaytarıldı. Hitler buna dözərdimi? Dözmədi və 1940-cı ildə hər iki torpağı yenidən Almaniyaya qatdı, bu dəfə faşist Almaniyasına… Sonra, 1945-ci il Potsdam sülh konfransı nəticəsində Elzas və Lotaringiya yenidən, hələlik son dəfə Fransaya verildi. Yeri gəlmişkən, Elzas Strasburqun yerləşdiyi vilayətdir…
Prezident alman müxbirinin Qarabağ barədə yanlış və utilitar düşüncədən doğan sualına bax bu cür min illik tarixi köklərə söykənən tutarlı cavab verdi…
Aydın QULİYEV