Cümə , 1 Noyabr 2024
Drone Cameras

Prezident İlham Əliyev: “Paşinyan deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir”

Paşinyan deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib: “Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …