İstanbulda Polis Mərkəzi qarşısında partlayış törətməkdə şübhəli bilinən PKK üzvü saxlanılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, İstanbul terrorla mübarizə və mili təhlükəsizlik şöbəsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində həyata keçirilib.
Ətrafdakı təhlükəsizlik kameralarının izlənməsindən sonra partlayıcını ərazidə yerləşdirən şəxsin idarə etdiyi motosikletin dövlət nömrə nişanı müəyyən edilib. Motosikletin sahibi nəqliyyat vasitəsinin oğurlanmadığını, bir dostuna verdiyini deyib. Hüquq mühafizə orqanları həmin şəxsin kimliyini və onun PKK ilə əlaqədə olduğunu müəyyən ediblər. Keçirilən əməliyyat nəticəsində onun Konyanın Aksaray qəsəbəsində yaxalandığı bildirilir. Hadisəni törədən şəxsdən başqa daha 5 nəfər də saxlanılıb.
Qeyd edək ki, İstanbulda Polis Mərkəzi qarşısında motosikletə yerləşdirilmiş bombanın partladılması nəticəsində 10 nəfər yaralanıb.