Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ermənilər ölülərini qəbirdən çıxararaq, özlərilə aparır” – Kəlbəcərdən reportaj

Əl-Cəzirə, Qətər

17.11.2020

Ermənistan sülh razılaşması çərçivəsində mübahisəli əraziləri Azərbaycana qaytarmağa başlayır. Dağlıq Qarabağ regionunda 6 həftəlik amansız döyüşlər məhz bu razılaşmadan sonra başa çatıb.


Artıq Kəlbəcər rayonunun sakinləri bu dağlıq regiondan kütləvi şəkildə köçməyə başlayıb (Kəlbəcər Dağlıq Qarabağa bitişikdir. Etnik ermənilər on illər ərzində Dağlıq Qarabağla yanaşı, regiona bitişik 7 rayona da nəzarət edirdi). Kəlbəcərdən ermənilərin çıxması prosesi noyabrın 15-dək tamamlanmalı idi. Bakı onlara əlavə olaraq daha 10 gün vaxt verib.“Azərbaycan Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni məskunlaşmış sakinlərin Kəlbəcərdən noyabrın 25-dək çıxarılmasına razılıq verib”, – deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.Onun sözlərinə görə, Ermənistan tərəfi bununla bağlı Rusiya vasitəsilə Azərbaycana müraciət edib və prezident İlham Əliyev humanitar məsələləri nəzərə alaraq, müraciəti müsbət cavablandırıb: “Hava şəraiti ağırlaşır, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti azdır”.Yaşayış üçün yararsız rayon
Sakinlər Ermənistana üz tutur və bu zaman mümkün olan bütün əşyalarını toplayır. Bəzi etnik ermənilər ölülərini də qəbirdən çıxararaq, özlərilə aparır. Onlar deyirlər ki, qəbirlərin azərbaycanlılar tərəfindən təhqir ediləcəyindən narahatdırlar.Çarektar kəndi yaxınlığındakı vadinin üzərini sıx tüstü bürüyüb. Səbəb köçməyə hazırlaşan sakinlərin evlərini yandırmasıdır. Onlar evlərinin azərbaycanlılara qalmasını istəmirlər.Artıq ötən həftə rusiyalı sülhməramlılar Dağlıq Qarabağa yerləşdirilib. Razılaşma çərçivəsində onlar regionun administrativ mərkəzi olan Stepanakertdə (Xankəndi – WM) və digər ərazilərdə postlar qurub. Razılaşmaya əsasən, Azərbaycanlılar hərbi əməliyyatlar zamanı tutduqları ərazilərdə qalacaqlar.Rusiya sülhməramlı missiyası regionda 5 il xidmət aparacaq. O, təxminən 2000 hərbçidən ibarətdir. Rusiya sülhməramlı missiyası bundan əvvəl Suriyada da xidmət aparıb.Postsovet ölkələri olan Ermənistanla Azərbaycan düşməndirlər. Onların arasında son hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyilə ötən həftə dayandırılıb. Bunadək tərəflər Rusiya ilə yanaşı, ABŞ və Fransanın da vasitəçiliyilə bir neçə atəşkəs razılaşması əldə etsələr də, onlar qısa vaxt sonra pozulmuşdu.“Əl-Cəzirə”nin Kəlbəcərə ezam olunmuş müxbiri Hoda Abdel-Hamid deyir ki, Kəlbəcər artıq demək olar ki, boşdur. Onun sözlərinə görə, yerli sakinlər bütün əşyalarını, kəndçilər isə mal-qaranı da özləri ilə aparıb: “Kəlbəcərdə demək olar ki, heç kəs qalmayıb. Bu insanların hara gedəcəyinə, onların gələcəyinin necə olacağına hələ də qərar verilməyib… Bu, ermənilər üçün böyük məğlubiyyət və təhqirdir. İnsanlar qəzəblidirlər”.“Onlar insandırlar”
Sülh sazişinin mühüm əhəmiyyət kəsb edən hissəsinə əsasən, Ermənistan Kəlbəcər və Ağdam rayonlarını noyabrın 20-nə, Laçın rayonunu isə dekabrın 1-dək Azərbaycana təhvil verməlidir.Hikmət Hacıyev bildirir ki, Ermənistan silahlı qüvvələrinin Ağdam və Laçından çıxarılması ilə bağlı cədvəldə dəyişiklik yoxdur.Qeyd edək ki, bu ərazilər 1990-cı illərin əvvəllərində baş vermiş dağıdıcı müharibədən sonra ermənilərin nəzarətində idi. Doğrudur, tərəflər arasında ötən həftə imzalanmış sazişdən sonra hərbi əməliyyatlar sonra çatıb. Lakin iki xalq arasında düşmənçilik daha da güclənib.Regionu tərk edən sakinlərdən biri olan Qaro Dadevusyan deyir ki, o, 21 ildir yaşadığı evilə vidalaşıb. Onun fikrincə, iki xalq arasındakı düşmənçilikdə hökumətlər günahkardır: “Siz mənim azərbaycanlıları düşmən hesab etdiyimi düşünürsünüz? Bəli, onlar düşmənlərimizdir və əsrlər boyu belə olub. Buna baxmayaraq, onlar insandırlar. Bütün günah hökumətdədir”.Ermənistana gedən yol sakinləri daşıyan avtomobillərlə, o cümlədən yük maşınları ilə doludur…“Onlar bundan sonra nə edəcəklərini bilmirlər. Uşaqlarını məktəbə qoya biləcəklərmi? Bundan sonra necə yaşayacaqlar? Bu sualların cavabı yoxdur”, – deyə Hoda Abdel-Hamid bildirir.Qeyd edək ki, 1990-cı illərin əvvəllərində baş vermiş Dağlıq Qarabağ müharibəsi nəticəsində minlərlə azərbaycanlı məcburi köçkünə çevrilib. O zaman ermənilər məhz azərbaycanlıların evlərinə köçüblər. Tərəflər arasında həmin müharibə 1994-cü ildə başa çatmışdı.“Əl-Cəzirə”nin müxbiri Usama bin Cavid isə Kəlbəcər rayonunun yaxınlığında yerləşən Tuqana kəndinə yollanıb. Onun sözlərinə görə, azərbaycanlılar ermənilərin buradakı evləri yandırmasından məyus olublar: “Azərbaycanlıların əksəriyyəti bu evlərin məhz onlara məxsus olduğunu deyir. Onlar bildirirlər ki, “ermənilər ilk öncə bu əraziləri işğal etmişdi, indisə buradakı evləri yandırır””.Doğrudur, bu regiona mülki şəxslərin nə zaman qayıdacağı hələ məlum deyil. Görünən odur ki, bu, asan olmayacaq. Çünki insanlar burada yandırılmış evlərlə qarşılaşacaq.Azərbaycana gələn həftə təhlil veriləcək Ağdam rayonuna gəlincə, bir zamanlar orada 40 min insan yaşayıb. Bu gün isə Ağdamda birinci Qarabağ müharibəsi zamanı dağıdılmış binalardan başqa heç nə yoxdur. Rayonda bəzi binalar müharibədən sonra, tikinti materiallarının talan edilməsi məqsədilə dağıdılıb.Ermənistan tərəfi ötən şənbə hərbi əməliyyatlar nəticəsində ümumilikdə 2317 hərbi qulluqçusunun həlak olduğu açıqlayıb. Hər iki tərəf bir-birini müharibə zamanı mülki infrastruktura zərbə endirməkdə günahlandırır.Azərbaycan tərəfi hələ ki, hərbi itkilər haqda məlumat vermir. Görünən odur ki, həftələrlə davam edən döyüşlərdən sonra həlak olanların real sayı gözləniləndən çoxdur. Məsələn, Rusiya prezidenti Vladimir Putin hər iki tərəfdən ümumilikdə 4 mindən çox itkinin olduğunu, on minlərlə mülki şəxsin isə evlərini tərk etdiyini deyib.Qayıdaq Kəlbəcərə. Bu rayonda vaxtilə demək olar ki, yalnız azərbaycanlılar yaşayıb. Tərəflər arasında Sovet İttifaqı dağılmasından sonra, 1990-cı illərin əvvəllərində başlamış müharibə nəticəsində ermənilər azərbaycanlıları Kəlbəcərdəki doğma evlərindən didərgin salıb. Bu azmış kimi, Ermənistan hökuməti həmin illərdə kifayət qədər mübahisəli qərar verərək, ermənilərin Kəlbəcərə köçürülməsi üçün maliyyə vəsaiti belə, ayırıbmış.Yerevanla Bakı arasında imzalanmış son saziş Ermənistanla etiraz aksiyalarına səbəb olub. Nümayişçilər və müxalifət partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Bu etirazlar fonunda Ermənistanın keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan Paşinyana qarşı sui-qəsdin hazırlanması ittihamı ilə axlanılıb.Qeyd edək ki, Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Savaşın başladığı andan nəzi Qərb ölkələri, həmçinin Rusiya və Ermənistan Türkiyəni Azərbaycan Ordusunu gücləndirmək məqsədilə döyüş bölgəsinə suriyalı yaraqlılar göndərməkdə belə, ittiham edib.Azərbaycan israrla bildirir ki, Qarabağ probleminin həllinə dair danışıqlar prosesində Ankara da yer almalıdır. Türkiyə prezidenti Rəcəb Tayyibv Ərdoğan ölkəsinin Rusiya ilə birlikdə atəşkəs rejiminə nəzarət edəcəyini açıqlayıb. Moskva isə Ankaranın sülhməramlı missiyada birbaşa iştirakını istisna edir. Kremldən bildirirlər ki, Türkiyə sülhməramlı missiyasının fəaliyyətinə Azərbaycan ərazisində yerləşdiriləcək müşahidə mərkəzində nəzarət etməklə məşğul olacaq.İngilis dilindən tərcümə – WorldMedia.Az

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …