Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin nəşinin qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız İbrahim Mustafa oğlu Əliyev və Sahil Rasim oğlu Məmmədovun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.