Niderland parlamentinin Fransa Senatı kimi belə bir absurd qətnamə qəbul etməsinə təəssüf edirəm. Bütün ölkələr, o cümlədən də Niderland Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Niderlandın bu addımı beynəlxalq hüquqa, qaydalara, xüsusilə Avropa İttifaqının və Avropa strukturlarının, eləcə də ATƏT-in qəbul etdiyi qətnamələrə ziddir.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. Ekspert bildirib ki, Fransa ilə Niderland parlamentinin bu qərarları BMT-nin Azərbaycanın ərazi bütövlüyü və Ermənistan hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnaməyə qarşı çıxmaq deməkdir:
“Dağlıq Qarabağ münaqişəsi artıq geridə qalıb. Cənab Prezident xalqa sonuncu müraciətində bir daha bildirdi ki, belə bir münaqişə yoxdur. Niderland və Fransa ermənipərəst dairələrin təsiri altında bu qətnamələri qəbul edərkən birinci növbədə fikirləşməlidir ki, Azərbaycan və Türkiyə ayrı-ayrı müstəqil ölkədir. Hər birinin hər hansı ölkə ilə əlaqə qurmaq, eyni zamanda hərbi və diplomatik, siyasi və iqtisadi fəaliyyətini aparmaq üçün müstəsna səlahiyyətləri var. Azərbaycan əks-hərbi əməliyyatlar nəticəsində öz ərazi bütövlüyünü təmin edib. 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəldi və bu qalibiyyətlə Ermənistan barışıb kapitulyasiya bəyanatına qol çəkdi, eyni zamanda Azərbaycan ərazilərini diplomatik yolla azad etdi. Bu, onu göstərir ki, Ermənistanın kapitulyasiya ilə barışması, Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq təmin etməsi Fransa və Niderlanddakı ermənipərəst qüvvələri təmin etmir. Əgər qane etmirsə, cənab Prezident İlham Əliyevin təklifini həyata keçirə bilərlər. Fransa da, Niderland da qondarma rejimə öz ölkələrinin ərazisində ikinci dövlətin yaradılmasına icazə versinlər. Azərbaycanda heç zaman ikinci erməni dövləti yarana bilməz!
Həm Niderlandın, həm də Fransanın bu hərəkətini pisləyirəm, heç cür başadüşülən deyil. Niderlandın bu addımını Azərbaycan cavabsız qoymayacaq. Düşünmürəm ki, Niderland dövləti belə bir absurd qərarı təsdiqləsin. Amma Azərbaycan da bu cür mövqe sərgiləyən ölkələrlə münasibətlərinə yenidən baxacaq”.
Aytən Məftun