Gəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın hansı səbəbdən qətlə yetirildiyi məlum olub.
Boyukmillet.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tələbə yoldaşı 20 yaşlı Sərdar Cəfərovla sevgili olan Pərvinin onunla münasibətləri fevral ayından pisləşməyə başlayıb.
Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib. İlkin məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib.
Sərdar Cəfərov istintaqa ifadəsində deyib ki, keçmiş sevgilisinin bu sözləri ona pis təsir edib və onun başqa sevgilisi olduğu barədə sözləri eşitmək istəməyib: “Onun bu sözlərini eşitməmək üçün Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım, qışqıraraq “Kəs səsini, sus, danışma” deyirdim. Onu öldürmək fikrim yox idi. Sonra gördüm ki, huşunu itirdi. Bir müddət sonra öldüyünü bildim və nə edəcəyimi bilmirdim”.
Bundan sonra Sərdar sevgilisinin meyitini maşınında qoyaraq marketə gedib və oradan 10 ədəd “skoç” alıb. Yenidən maşına qayıdaraq qızın bütün bədənini “skoç”la bağlayıb. Daha sonra onu avtomobilində “Avtozavod” qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.
Pərvin Musayevanın axtarışda olduğu bir ay ərzində Sərdar Cəfərov dəfələrlə dindirilsə də, həmin görüşdən sonra qızın çıxıb getdiyini və daha sonra məlumat almadığını deyirmiş. Polisin onu dindirdiyi sonuncu ifadə zamanı isə sevgilisini öldürdüyünü etiraf etməli olub.
Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.