Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazov dəfn edilib.
Boyukmillet.com xəbər verir ki, şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazovun cənazəsi Tovuz rayonunda ailəsinin yaşadığı evə gətirilib.
Boyukmillet.com Report-a istinadla xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə S.Eyvazovun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.
S.Eyvazov evli idi, bir azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.
Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
DSX rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.