Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sürətlə hərbiləşən narkomafiyanın İran hakimiyyətində siyasi himayəsi ola bilərmi…

15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdığı atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıb. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür. Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən, DSX rəisinin müavini general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub. Hadisə barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Çox maraqlıdır ki, İrandan Azərbaycana narkotik tranziti kütləvi hal alıb. Artıq biz görürük ki, bununla təşkilatlanmış şəklidə məşğul olunur. Hətta narkotik qaçaqmalçıları silahlanaraq bu prosesdə iştirak edirlər. Ələ keçirilən narkotikin həcmi də çox böyükdür. Bu onu deməyə əsas verirmi ki, belə işlə məşğul olan narkomafiya İranın hakim dairələri tərəfindən himayə edilir? Narkoticarətçilərin İran hakimiyyətindəki müəyyən dairələr tərəfindən himayə edilməsi ilə bağlı gəlinən qənaəti nə dərəcədə əsaslı saymaq olar?

  • Samir Adıgözəlli: “Bizim ölkədə külli miqdarda narkotiklə həbs edilib ağır cəzaya məhkum olunan İran vətəndaşları öz ölkələrinə ekstradisiya edilən kimi azadlığa buraxılır”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranla sərhəddə baş verən bu hadisə bizi dərindən narahat etdi: “Statistikaya baxsanız görərsiniz ki, bu, birinci belə hadisə deyil. Sanki İran öz sərhədini narkoticarət üçün açıq elan edib. Hətta güman edirəm ki, bu qəbildən olan adamlara dəstək də verir. Sərhədin İran tərəfinin belə nəzarətsiz buraxılması avtomatik olaraq sual yaradır: necə olur ki,  sərhədlərinə yaxın ölkələrdə belə özünə təhlükəsizliklə bağlı bufer zonalar yaradan bir ölkə narkoticarətçilərə nəzarət edə bilmir? Hesab edirəm, bu, İranın müəyyən dairələri tərəfindən planlı şəkildə həyata keçirilir ki, Şimali Azərbaycandakı genofond məhv edilsin. İran çox mühafizəkar ölkədir. Dini qanunlarla idarə edilən bir ölkənin narkotik tranzitində ön yerlərdə qərar tutması çox şübhəlidir. Başqa bir ehtimalım isə budur ki, bundan İranın müəyyən hakim dairələri külli miqdarda gəlir əldə edir. Çox maraqlı bir detalı diqqətinizə çatdırım. Biz bu araşdırmanı apardıqdan sonra dəqiq qənaətə gəlmişik. Bizim ölkədə külli miqdarda narkotiklə həbs edilib ağır cəzaya məhkum olunan İran vətəndaşları öz ölkələrinə ekstradisiya edilən kimi azadlığa buraxılır. Bu da İranın belə tranziti dəstəklədiyinə dair əsaslı şübhələr yaradır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …